AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi şurasında Milli Aerokosmik Agentliyinin əməkdaşı Elvin Alıyevin coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Məsafədən zondlama verilənləri və coğrafi informasiya texnologiyaları əsasında daşınmaz əmlakın kadastrının aparılması məsələləri” mövzusunda yazdığı dissertasiyaya aparıcı təşkilatın rəyi müzakirə edilib.
Müəllif topoqrafik xəritələrdən və müxtəlif yüksək ayırdetməli aerokosmik məlumatlardan, eləcə də LIDAR verilənlərindən geniş istifadə edərək kadastrın müasir vəziyyətinin tədqiqində bir sıra elmi yeniliklərə nail olmuşdur. Bunlar - vahid kadastr sisteminin yeni modelinin işlənməsi, daşınmaz əmlak bazarında aktiv sahələrin təyini, ALS və CİS əsasında kadastr planlarının tərtibi və CİS texnologiyalarına əsasən “su basmış sahələrin və ziyan dəymiş daşınmaz əmlakların operativ təyini” metodlarının işləyib hazırlanmasıdır.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov daşınmaz əmlakın kadastrının aparılmasının dövlət siyasətində prioritet məsələlərdən olduğundan, tədqiqat işində işlənilmiş metodikalar və verilmiş təkliflərin ölkəmizin əmlak idarəetmə sistemində, kadastr sahəsində mövcud problemlərin aradan qaldırılmasında nəzəri və praktiki əhəmiyyət daşıdığını xüsusi qeyd edib. O həmçinin, əldə olunmuş nəticələrin az vaxt və maliyyə sərfi ilə şəhərsalmada, nəhəng texniki qurğuların və yaşayış məntəqələrinin, o cümlədən, kommunikasiya şəbəkələri tikintisinin planlaşdırılmasında və digər həyata keçirilən tədbirlərin operativ, səmərəli təşkilində böyük rol oynaya biləcəyini diqqətə çatdırıb.