8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib Mart 07, 2017 | 02:03 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününü münasibətilə yığıncaq keçirilib.

Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev qadınların cəmiyyətdə və ailədə  tutduqları  mövqeyindən  söhbət açaraq bildirib ki, həyatımızın bəzəyi olan qadınlarımız övlad tərbiyə etmək, evimizin rahatlığını təmin etmək, ocağımızın istisini qorumaqla bərabər cəmiyyətin müxtəlif sahələrində kişilərlə bərabər çiyin-çiyinə çalışırlar. Azərbaycan qadını ailəsində fədakar ana, vəfalı ömür-gün yoldaşı, işgüzar ev xanımı, cəmiyyətdə isə öz yerini tutmuş  bacarıqlı iş adamı, siyasətçi, gözəl mütəxəssis və ya ictimai xadimdir.

H.Haqverdiyev bu günlərdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunmuş Mehriban Əliyeva başda olmaqla, bütün Azərbaycan xanımlarını, o cümlədən, Coğrafiya İnstitutunun qadın kollektivini  8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara qadın xoşbəxtliyi, ailə səadəti,  övlad sevinci və gələcək işlərində uğurlar arzulayıb.

Elmi işçi Luiza Salayeva söz alaraq qadınların sülh,  əmin-amanlıq arzusunda olduqlarından, övladlarını sülh şəraitində boya-başa çatdıraraq, vaxtı çatanda sağ-salamat ordu sıralarına yola salıb, sağ-salamat da qarşılamaq istədiklərindən danışdı. Nitqinin sonunda L.Salayeva ölkənin Birinci Vitse-prezidenti  Mehriban xanım Əliyevaya bu ilin “Sülh ili” elan edilməsi xahişi ilə müraciət olunmasını təklif edib. Tədbir iştirakçıları bu təklifi böyük razılıq hissi ilə qarşılayıblar.

Növbəti çıxış edən, aparıcı elmi işçi, k/t.ü.f.d.  Tahirə Salmanova Birləşmiş Millətlər Təşkilatının sülh məsələləri üzrə Qadınlar Birliyinın nümayəndəsi olduğunu diqqətə çatdırıb və  bu qurumun tərkibində müxtəlif ölkələrdə təşkil olunan görüş, yığıncaq, simpozium və bu kimi digər tədbirlərdə, yüksək kürsüdən   qadın hüquqlarının qorunması mövqeyindən çıxışlar etməsini, sülh naminə çağırışlarda iştirak etdiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər də mövzu ilə əlaqədar fikirlərini bildirib, L.Salayevanın 2017-ci ilin "Sülh ili" elan edilməsi təklifini dəstəklədiklərini xüsusi vurğulayıblar.

İştirakçılar  İnstitut rəhbərliyinin  qadın kollektivini heç zaman diqqətdən kənar qoymadığına görə təşəkkürlərini bildiriblər.