Elmi şuranın növbəti iclası Mart 09, 2016 | 10:03 / ELMİ İCLASLAR

Bu gün AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında bir sıra məsələlərə baxılıb. Akademik R.Məmmədov iclas iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası” barəsində Sərəncamının icrası və tərtib etdiyi layihə haqqında geniş məlumat verib. 

Akademik  bildirib ki, ilk dəfə olaraq 2008-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının yaradılması barədə təşəbbüs qaldırmış, onun tərtib etdiyi layihə  dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunmuşdur. Azərbaycanda fövqəladə hallar atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlamış və prezidentin məlum sərəncamından sonra sürətlənmişdir.

İclasda  təqdim olunan layihə şura üzvləri tərəfindən bəyənilib və FH Atlasının Respublika üçün xüsusi  əhəmiyyəti qeyd edilib.

Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Naxçıvan MR-nın Coğrafiyası” ikicildliyinin hazırlanmasının  gedişi haqqında danışıb. Kitabın bu ilin sonuna kimi nəşr olunacağı qeyd olunub.  İclasda həmçinin AMEA Coğrafiya İnstitutunun təsdiq olunmuş yeni strukturunun təqdimatı olub.