Novruz bayramı qeyd edildi Mart 17, 2016 | 10:03 / TƏDBİRLƏR

Martın 17-də AMEA akademik H.Ə.Əliyev  adına Coğrafiya İnstitutunda Novruz bayramı münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, akademik Ramiz Məmmədov xalqımızın ən sevimli bayramı olan Novruz bayramı münasibətilə İnstitut kollektivini təbrik etdi və bu bayramın 1967-ci ildə Azərbaycanın vətənpərvər oğlu, o vaxtın Respublika rəhbəri  Şıxəli Qurbanov tərəfindən bərpa edildiyini diqqətə çatdırdı. Bildirdi ki, elə bir çətin dövrdə Novruzun hər il dövlət səviyyəsində keçirilməsi çox cəsarətli bir addım idi. Novruzu yaşatmaq üçün ona ancaq bahar, yaz bayramı kimi adlar verilirdi. Novruz bayramının atributlarının bərpa olunması əslində milli dövlətçilik quruculuğuna xidmət edən məsələ idi. Akademik Ramiz Məmmədov Novruzu təkcə təbiətin oyanışı kimi deyil, həm də birlik, qardaşlıq, sülh rəmzi kimi xarakterizə edərək, İnstitut əməkdaşlarının simasında bütün xalqımıza əmin-amanlıq, ruzi-bərəkət, can sağlığı dilədi.

Sonra İnstitut həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev mövzu ətrafında danışaraq Novruz bayramının  tarixi kökləri, əsas atributları, Novruz adətləri haqqında məlumat verdi, bu bayramın qorunub saxlanmasında, Novruz adətlərinin yenidən öyrənilib təbliğ edilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdi.

Tədbirin rəsmi hissəsindən sonra  bayram şənliyi süfrə arxasında, şən musiqi sədaları altında davam etdi.