Elmi şuranın iclası Mart 30, 2016 | 10:03 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən bugünkü iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının tərtibi haqqında məsələ müzakirə edildi. Akademik Ramiz Məmmədov tərtib etdiyi Proqram layihəsini təqdim edərək, onun yaranmasının zəruriliyi,  Atlasın redaksiya heyəti, icraçıları, məqsəd və vəzifələri, xəritələrin siyahısı,  tədqiqatın metod və vasitələri, gözlənilən nəticələr və s.  haqqında geniş məlumat verdi. R.Məmmədov  qeyd etdi ki, xarici mütəxəssislərin qabaqcıl təcrübəsindən istifadə etmək məqsədilə onların  treninqlər keçirməsi üçün  ölkəmizə dəvət olunması nəzərdə tutulur.

Elmi şurada müzakirə olunan ikinci məsələ bu ilin sentyabr ayında Şəki şəhərində keçiriləcək konfransa hazırlıq məsələsi oldu. Bu haqda məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə bildirdi ki,  AMEA-nın yaradılmasının 70 illik yubileyində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə demoqrafik inkişafın öyrənilməsinin vacibliyini qeyd etmişdir. Bu sahədə tədqiqatların genişləndirilməsi üçün elmi fikir mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Şəki-Zaqatala kimi çoxmillətli regionda  konfrans keçirilməsi mühüm əhəmiyyət kəsb edir. E.Əlizadə iştirakçıları konfransın əsasnaməsi ilə tanış etdi.  (http://link_url)

Sonra “Naxçivan Muxtar Respublikasının coğrafiyasi” ikicildliyinin hazırlanmasının gedişi haqqında  məsələ müzakirə edildi.