ADU-da elmi seminar Mart 04, 2015 | 12:03 / TƏDBİRLƏR

2015-ci il martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə BMT Baş Assambleyasının "Beynəlxalq Dağ Günü"nün yaradılmasının ildönümünə həsr olunmuş "Azərbaycan və Çin dağlıq ərazilərin inkişaf problemləri" mövzusunda elmi seminar keçirilib.

 Xüsusi ekosistemlərin və mədəni irsin obyektləri kimi dağların əhəmiyyətinə diqqət çəkən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov unikal təbiət abidələrini qorumaq üçün «Yanardağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətini qeyd edib.

AMEA-nın Coğrafiya İnstitutunun akademiki Ramiz Məmmədov və direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə İnstitutun Çin alimləri ilə elmi əlaqələrindən, Pekində keçirilən "İpək yolunun iqtisadi zonasında ekologiya, ətraf mühit və davamlı inkişaf" mövzusunda beynəlxalq konfransda iştiraklarından, dağlıq təbii - iqtisadi geosistemində Azərbaycanın davamlı inkişaf problemlərindən danışıblar.

Seminarda Azərbaycan və Çin təbii, tarixi və mədəni irsinə həsr olunmuş sənədli filmlər nümayiş olunub. Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə edilib.