Məktəblilər üçün seminar-məşğələ keçirildi Noy 01, 2017 | 10:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ)  oktyabrın 30-da Sabunçu rayonu Xavər Vəliyev adına 75 saylı orta məktəb şagirdləri üçün seminar-məşğələ  keçirildi.

 Bu görüş GAMŞ-ın Bakı şəhəri orta məktəb şagird və müəllimləri üçün “Azərbaycanı tanıyaq” devizi  altında keçirdiyi növbəti tədbirlərdən biri idi. Onların təşkilində əsas məqsəd Azərbaycan haqqında şagirdlərə daha geniş və hərtərəfli  məlumat vermək, gənclərin coğrafiya elminə olan marağını artırmaq, gələcək peşə seçimlərində onlara  dəstək olmaqdan ibarətdir.

Tədbir AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əks etdirən sərginin Coğrafiya İnstitutuna aid bölməsi ilə tanışlıqdan başladı. GAMŞ sədri c.ü.f.d. Samirə Ələkbərova şagirdlərə Coğrafiya İnstitutunun tarixi, tədqiqat sahələri, görkəmli alimləri, nailiyyətləri və s. haqqında məlumat verdi. Sonra iştirakçılar “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsində oldular, şöbənin əməkdaşları onlara CİS texnologiyaları vasitəsilə  müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izah etdilər.

İnstitutun konfrans zalında davam edən seminar-məşğələdə Sura sədri S.Ələkbərova tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı.  Bildirildi  ki. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqaməti kimi gənc nəslin Vətənə, xalqın  milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə olunması   seminar-məşğələlərin əsas  məqsədlərindən biridir.  O həmçinin qeyd etdi ki, bu məşğələlər Azərbaycan regionlarının unikal təbiət möcüzələri, tarixi-mədəni abidələri haqqında müxtəlif videoçarxların  və İnstitutumuzun alimləri tərəfindən müxtəlif dövrlərdə çəkilmiş şəkillərin nümayiş etdirilməsi, müasir texnologiyalarla aparılan tədqiqatların nəticələri haqqında ətraflı məlumatların şərh olunması kimi əhəmiyyətli mövzuları əhatə edir.

Daha sonra İnstitutun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov  “Abşeronun yurd yaddaşı” adlı geniş təqdimatla çıxış etdi. Abşeronu dərindən öyrənən, onu qarış-qarış gəzib araşdıran  alim şagirdlərə onun təbiəti, tarixi-mədəni abidələri, məskunlaşması, ərazidəki mövcud ekoloji problemlər və onların aradan qaldırılması yolları haqqında ətraflı məlumat verdi. O, gənclərə anlatmağa çalışdı ki, Vətəni sevmək üçün onu yaxşı tanımalı, öyrənməli, başqalarına da tanıtmalı, inkişafı, çiçəklənməsi naminə öz əməyini əsirgəməməlisən. Çıxışını bitirərkən görüş iştirakçılarının suallarını  cavablandıran məruzəçi növbəti görüşə qədər Zabrat qəsəbəsinin tarixi-mədəni  abidələrinin fotoşəkillərini çəkib toplamaqlarını şagirdlərə təklif etdi.

Tədbirin sonunda İnstitutun elmi katibi, c.ü.f.d. Zərnurə Həmidova müdiriyyət adından  məktəbə Coğrafiya İnstitutunun nəşrlərini hədiyyə etdi.