Landşaftşünaslar palçıq vulkanlarında elmi tədqiqat işləri aparmışlar İyn 08, 2017 | 09:06 / MÜHÜM HADİSƏLƏR

  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən lahiyə əsasında bir sıra palçıq vulkanlarında elmi tədqiqat işləri aparmışlar.

   "Landşaftşünaslıq və landşaft  planlaşdırılması "şöbəsinin əməkdaşları  İsmayılov Mirnuh, Zeynalova Səidə, Məmmədbəyov Elxan may ayının 19, 26, iyun ayının 2, 3-ü Bala Bahar, Bahar, Daşgil palçıq vulkanlarında çöl tədqiqat işləri aparmışlar.

  Tədqiqatın əsas məqsədi palçıq vulkanlarının inkişaf etdiyi ərazilərin struktur-geomorfoloji quruluşunun öyrənilməsi, onların inkişaf etdiyi ərazilərin geosistemlərinin struktur-genetik xüsusiyyətlərini, distansion və kosmoindikasiya metodlarından istifadə etməklə palçıq vulkanları geosistemlərinin diferensasiyasını öyrənməkdir.

   Ekspedisiya müddətində qeyd olunan palçıq vulkanlarında və ətraf ərazilərdə landşaft indikasion tədqiqatlar aparılmışdır. Bu məqsədlə Bala bahar, Bahar, Daşgil palçıq vulkanlarının brekçiya materiallardan geokimyəvi analizlərin aparılması üçün nümunələr götürülmüşdür. Vulkanların krater sahələri, qrifonların dimametrləri, salza axınlarının uzunluğu ölçülüb, brekçiya axınların istiqaməti və ətraf ərazilərə təsirləri öyrənilmişdir. Palçıq vulkanlarının ətraf ərazilərin landşaftlarına təsir dairəsi və  antropogen təsirlərin dərəcəsi öyrənilmişdir.

   Tədqiqat aparılmış palçıq vulkanlarının brekçiya materiallarının geokimyəvi analizindən sonra onların tərkibində olan müxtəlif kimyəvi elementlərin ətraf ərazilərin torpaq bitki örtüyünə təsiri müəyyən olunacaqdır.

Bu istiqamətlərdə tədqiqatlar davam edir.