Mahirə Abbasovanın 70 illik yubileyi qeyd edildi Noy 16, 2017 | 10:11 / YUBİLEYLƏR

Noyabrın  16-da AMEA ak.H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun kollektivi Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının  üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovanın 70 illik yubileyini qeyd etdi.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov  yubilyarın həyatı, elmi və ictimai fəaliyyəti haqqında danışarkən  qeyd etdi ki, ömrünün 50 ilə yaxın bir dövrünü  Coğrafiya İnstitutunda çalışmış  Mahirə xanım Azərbaycan coğrafiyaçıları arasında  toponimika sahəsində tanınmış ən məhsuldar və ilk qadın mütəxəssislərdən biridir. O bildirdi ki, Azərbaycanın yerli coğrafi adlarının toplanması, qorunması və toponimik fondunun zənginləşməsində, eləcə də xəritələşdirilməsində, toponimik lüğətlərin tərtibində, toponimika elminin tədrisində, bu sahədə  cavan kadrların  yetişməsində və s. Mahirə xanımın böyük əməyi vardır. 

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d. Məhərrəm Həsənov Mahirə xanım haqqında fikirlərini bildirdi, onun işinə böyük tələbkarlıq, məsuliyyət hissi ilə yanaşan məhsuldar və yüksək elmi savada malik  mütəxəssis olduğunu xüsusi qeyd etdi.

Tədbirdə çıxış edən İnstitut əməkdaşları və qonaqlar da Mahirə xanım haqqında xoş sözlər söylədilər, onun yüksək insani keyfiyyətlərindən, elmi savadından, vətəndaş mövqeyindən, maraqlı həmsöhbət, əməksevər, məsuliyyətli, təvazökar işçi, geniş qəlbli, qayğıkeş insan  olduğundan söhbət açdılar.  

İctimai Əlaqələr şöbəsinin Mahirə xanıma həsr və hədiyyə etdiyi videofilm nümayiş etdirildi.

Sonda tədbir iştirakçıları kollektiv olaraq xatirə şəkli çəkdirdilər.