78 saylı orta məktəb şagirdləri üçün seminar keçirildi Dek 14, 2017 | 12:12 / TƏDBİRLƏR

Dekabrın 12-də  AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə  akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar “Azərbaycanı tanıyaq” devizi altında Bakı şəhəri 78 saylı tam orta məktəb şagirdləri üçün "Ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” mövzusunda seminar keçirildi.

İlk əvvəl şagirdlər AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əks etdirən sərginin Coğrafiya İnstitutuna aid bölməsi ilə tanış oldular. Sonra “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsinin əməkdaşları əyani olaraq məktəblilərə   PLOTTER HP Designjet Z2100 8 mürəkkəbli Designjet'i, Printer vasitəsi ilə CİS texnologiyasında müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izah etdilər.

Seminar Coğrafiya İnstitutunun konfrans zalında davam etdirildi. Şuranın sədri, c.ü.f.d. Samirə Ələkbərova GAMŞ-ın  fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdi, onların bütün elm sahələrinə, o cümlədən coğrafiya elminə olan marağının artırılmasının əhəmiyyətindən  və vacibliyindən danışdı.

İnstitutun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dos. Məhərrəm Həsənov orta məktəblərlə belə silsilə tədbirlərin  təşkili üçün Şuranın sədrinə və üzvlərinə təşəkkür etdi, bu tədbirlərin şagirdlərin savadlı və dünyagörüşlü şəxsiyyət kimi formalaşmasında, gələcək peşə seçimlərində xüsusi rol oynadığını vurğuladı.  Bildirdi  ki, Coğrafiya İnstitutunun gənc əməkdaşı Samir Vəlizadənin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qalib seçilmiş "Ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” mövzusunda qant layihəsi məhz Bakı şəhəri 78 saylı tam orta məktəbində həyata keçirilir. Layihə çərçivəsində şagirdlərə coğrafiya fənninin tədrisində CİS-dən istifadə yolları izah olunur. Beləliklə şagirdlər dərsi yalnız nəzəri deyil, həm də praktik olaraq öyrənirlər. Bu isə fənnin yüksək səviyyədə mənimsənilməsinə təsir edir.

Elmi işçi  Samirə Abuşova “Turizm cəhətdən maraqlı olan relyef formaları” adlı məruzə ilə çıxış etdi. Respublikamızın tarixi-mədəni abidələri, müalicəvi əhəmiyyətli bulaqları barədə geniş məlumat verdi və şagirdlərı maraqlandıran sualları cavablandırdı.

Bakı şəhəri 78 saylı tam orta məktəbinin direktoru Murad Zeynalov çıxış edərək tədbiri təşkil etdikləri üçün Coğrafiya İnstitutunun rəhbərliyinə və Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürünü bildirdi. Belə tədbirlərin mütəmadi keçirilməsinin şagirdlərin dünyagörüşünün və elmə olan marağının artmasına səbəb olduğunu vurğuladı.

Sonda İnstitut rəhbərliyi adından məktəbə akad. H.Ə.Əliyevin, akad. B.Ə.Budaqovun monoqrafiyaları və digər çoxsaylı kitablar hədiyyə edildi.