Coğrafiya İnstitutunda 2017-ci ilə yekun vuruldu Dek 28, 2017 | 06:12 / TƏDBİRLƏR

 Dekabrın 28-də AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü və  Yeni İl münasibətilə  yığıncaq keçirilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov əvvəlcə Dünya azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının əhəmiyyətindən danışaraq  dünyanın müxtəlif ölkələrində 60 milyona yaxın azərbaycanlının yaşadığını diqqətə çatdırıb. Onların təşkilatlanmasının, Azərbaycan həqiqətlərinin dünyanın hər yerinə çatdırılmasının azərbaycanlıların birliyindən asılı olduğunu qeyd edən  akademik bildirib ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir və həmfikir olaraq, Azərbaycanı xarici ölkələrdə tanıdır.

Sonra İnstitut rəhbəri yola saldığımız ilin müəssisəmiz üçün uğurlu olduğunu nəzərə çatdıraraq, 2017-ci ildə əməkdaşların səyi və əməyi nəticəsində  əldə olunan nailiyyətlərdən, İnstitutun keçirdiyi əhəmiyyətli tədbirlərdən söhbət açıb. Bildirib ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində İnstitutun elmi və  sosial-ictimai sahədəki fəaliyyəti həm beynəlxalq, həm də yerli miqyasda qənaətbəxşdir.  Qarşıdan  gələn ilin tədbirlər baxımından zəngin olacağını vurğulayan akademik 2018-ci ildə keçiriləcək Beynəlxalq miqyaslı elmi konfranslardan, onların  keçirilməsinin əhəmiyyətindən söz açıb.

Çıxışının sonunda  akademik Ramiz Məmmədov institut əməkdaşlarını Dünya azərbaycanlılarının Milli Həmrəylik Günü və  Yeni İl münasibətilə  ürəkdən təbrik edib, hamıya möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtlıyı,  xoş güzəran, qarşıdan gələn ili sevinc, yaxşı əhval-ruhiyyə ilə qarşılamağı  arzulayıb.

Cİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək bildirib  ki, hər bir müəssisənin uğuru birbaşa rəhbərliyin fəaliyyətindən asılıdır. Coğrafiya İnstitutunun qazandığı nailiyyətlər, coğrafiya elminin intensiv inkişafı da məhz direktor, akademik Ramiz Məmmədovun məqsədyönlü, yorulmaz əməyinin  nəticəsidir ki,  HİK sədri buna görə kollektiv adından Ramiz Məmmədova minnətdarlığını bildirib və Yeni  ildə ona can sağlığı, coğrafiya elminin inkişafı yolunda yeni-yeni nailiyyətlər arzu edib.

Yığıncaqda söz alaraq çıxış edən əməkdaşlar – coğrafiya elmləri doktorları -  Rəna Qaşqay, Əmir Əliyev, Nəriman Paşayev, Yelena Tağıyeva, c.ü.f.d. Mətanət Musayeva, elmi işçi Luiza Salayeva, “Viki” qrupun rəhbəri Aida Aslanova HİK sədrinin dediklərinə  və arzularına qoşularaq Coğrafiya İnstitutunun son illərdə sürətlə irəliləməsində və coğrafiya elminin inkişafında akademik Ramiz Məmmədovun fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, onun yüksək tələbkarlığı, təkidi nəticəsində institut əməkdaşları kompüterlə işləməyə daha artıq üstünlük verirlər ki,  bu da elmi seminara çıxarılan məruzələrin  daha asan və səviyyəli hazırlanaraq təqdim edilməsinə şərait yaradır.

Çıxış edənlər İnstitut kollektivinin  mehribançılığı, insanların bir-birinə isti və doğma münasibətilə institutlar arasında fərqləndiyini də qeyd ediblər, Yeni ildə İnstitut rəhbərliyinə və kollektivinə tükənməz  nailiyyətlər  arzulayıblar.