Kartoqrafik landşaftometriyanın inkişafı mövzusunda hesabat məruzəsi dinlənilib Yan 10, 2018 | 09:01 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə  keçən AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun elmi seminarında  c.ü.f.d. Şamil Əzizovun “Kartoqrafik landşaftometriya və onun müxtəlif elm sahələrinin qovşağında inkişafı (analitik aspektdə)” mövzusunda hesabat məruzəsi dinlənilib.

Müxtəlif elmlərin qovşağında formalaşmış yeni istiqamətin – kartoqrafik lanşaftometriyanın inkişafının təhlilinə həsr olunmuş tədqiqat işində  qeyd olunur ki, lanşaft xəritəçiliyinin sürətli inkişafı, kompleks landşaft xəritələrinin elmi və praktiki tətbiqi bu istiqamətin formalaşması üçün zəmin yaratmışdır. Morfometrik parametrlərin müqayisəli təhlili lanşaftometrik göstəricilər sistemi yaradılmasının mümkünlüyünü gösərmişdir.  Landşaftometrik göstəricilər və metodik üsulların tətbiqi istiqamətlərə uyğun qruplaşdırılmış və cədvəldə öz əksini tapmışdır. Müəllif lanşaftometrik göstəriciləri (məsələn; landşaft parçalanması, müxtəlifliyi, təzadlığı, qonşuluğu, landşaft konturların forması və s.) müxtəlif miqyaslı landşaft xəritələrinin üzərində yoxlamış,  nəticədə əldə olunmuş yeni keyfiyyət-kəmiyyət (göstəriciləri) informasiya əsasında ərazinin landşaft strukturunu əks etdirən 1:1500000 miqyaslı dörd xəritə tərtib etmiş, cədvəldə verilmiş bir neçə əmsalın müqayisəli analizini aparmış, xüsusiyyətlərini  müəyyən etmişdir.

Kartoqrafik lanşaftometriyanın tərifi, predmet  və təyinatı müəyyənləşdirilmiş, qeyd edilmişdir ki,  əldə edilmiş nəticələr Azərbaycanda landşaft xəritəçiliyinin və ona əsaslanan landşaft morfometriyasının (lanşaftometriya) inkişaf etdiyini və bu sahədə biliklərin və təcrübəninin toplanmasının davam etdiyini göstərir.