Elmi seminarda Acınohur öndağlığının tədqiqinə həsr olunmuş məruzə dinlənilib Yan 17, 2018 | 09:01 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Elmi seminarında coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilov “Acınohur öndağlığı və ətraf ərazilərin ekogeomorfoloji tədqiqi və irimiqyaslı ekogeomorfoloji xəritəsinin tərtibi” mövzusunda məruzə edib. 

Tədqiqatçı ərazidə ekoloji-geomorfoloji şəraitin gərginləşməsinə təsir göstərən ekzodinamik prosesləri öyrənmiş, onların təsir dərəcəsinə görə təsnifatını aparmış və bu proseslərin yayılma arealını əks etdirən xəritə tərtib etmişdir. Ekogeomorfoloji şəraiti müəyyənləşdirmək və gərginlik dərəcəsinə görə rayonlaşma aparmaq məqsədilə əsas göstəricilərdən hesab edilən morfometrik xəritələr – üfüqi parçalanmanın sıxlığı və şaquli parçalanma xəritələri tərtib edilmişdir.

Endo və ekzodinamik proseslərin intensivliyinə və tərtib edilmiş xəritələrin təhlilinə əsaslanaraq, ərazidə ekogeomorfoloji gərginlik dərəcəsinə görə rayonlaşma aparılmış və bir-birindən fərqlənən 4 ekogeomorfoloji rayon və bunların daxilində yarımrayon ayrılmışdır. İlk dəfə olaraq ərazinin iri miqyaslı (1:200.000) ekoloji-geomorfoloji gərginlik xəritəsi tərtib edilmişdir.   

Müəllif belə nəticəyə gəlmişdir ki, ekogeomorfoloji gərginliyə səbəb olan əsas antropogen amillərin qarşısının alınması məqsədilə ərazinin məskunlaşmasında, torpaqların becərilməsində və otlaqların istifadəsində normativ qaydalara əməl olunması məqsədəuyğundur.