AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə növbəti elmi seminarında Cahan Sirac qızı Məmmədova “Böyük Qafqazın cənub yamacının landşaft-ekoloji potensialının qiymətləndirilməsi” mövzusunda məruzə edib.
Böyük Qafqazın cənub yamacı təbii landşaftlarından istifadənin əsas istiqamətlərini müəyyənləşdirən, müasir geosistemlərin landşaft-ekoloji potensialının qiymətləndirilməsini aparan məruzəçi bildirib ki, işində ondan öncə bu ərazidə aparılmış tədqiqatların nəticələrinə, eləcə də ənənəvi metodlara əsaslanmış, ən müasir yanaşma və üsullardan istifadəyə daha çox üstünlük vermişdir.
Qeyd edilib ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün tarixən bu sahədə olan tədqiqatların elmi yeniliklərindən irəli gələn nəticələr təhlil edilmiş, tədqiqat ərazisində çöl-kameral ölçmə və məsafədən zondlama işləri aparılmış, müşahidələrin interpolyasiyası həyata keçirilmiş, landşaftların ekoloji potensialı nəzərə alınmışdır.
Məruzəçi diqqətə çatdırıb ki, 2000-ci ildən sonrakı dövrdə Azərbaycan Respublikası üzrə, eləcə də Böyük Qafqazın cənub yamacı ərazilərində sənaye istehsalının dəfələrlə artmasına, onlarla yeni təsərrüfat müəssisələrinin inkişaf etdirilməsinə baxmayaraq, həmin təsərrüfat obyeklərinin tullantı məhsullarını qaz və ya kimyəvi maddə halında təbiətə buraxılması ekoloji gərginliyin yaranmasında əsas göstərici hesab edilir.