Luiza Salayevanın 70 illik yubileyi keçirilib May 02, 2018 | 05:05 / YUBİLEYLƏR

Coğrafiya İnstitutunun böyük elmi işçisi Luiza Salayevayanın 70 illik yubileyi qeyd edilib. Bu münasibətlə İnstitut rəhbərliyi tərəfindən Luiza xanıma təbrik məktubu ünvanlanıb. Ünvanda yubilyarın uzun müddət elmi katib işlədiyi müddətdə göstərdiyi xidmətlər, ictimai fəaliyyəti, işinə məsuliyyətli münasibəti, təşkilatçılıq qabiliyyəti, müsbət insani keyfiyyətləri və s. xüsusi qeyd olunub.

L.Salayeva İnstitut rəhbərliyinin qayğısını, isti münasibətini daima öz üzərində hiss etdiyinə və təbrikə görə rəhbərliyə, eləcə də sevdiyi kollektivə dərin minnətdarlığını bildirib.

 Luiza xanıma ünvanlanmış təbrik müraciəti:

ƏZİZ LUİZA XANIM!   

   AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi adından sizi anadan olmanızın 70 illik və çoxillik elmi-ictimai yaradıcılıq fəaliyyətiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir və Sizə uzun ömür, can sağlığı və yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq.

    Siz 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini müvəffəqiyyətlə bitirib,  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “İqtisadi coğrafiya” şöbəsinə baş laborant vəzifəsinə daxil olmusunuz. 1988-ci ilə qədər bu vəzifədə müvəffəqiyyətlə çalışmışınız.

Əziz Luiza xanım  uzun illər institutun elmi katibi vəzifəsində çalışmış və üzərinizə düşən vəzifəni uğurla yerinə yetirmisiniz. Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, AMEA Rəyasət YEB-in tapşırıqlarını vaxtında yerinə yetirilməsinə nəzarət etmisiniz. İnstitutda elmi-tədqiqat işlərinin planlaşdırılmasında və tərtibində yaxından  iştirak etmisiniz. Bundan başqa informasiya məlumatların, dosent, professor diplomlarının alınması,  sənədlərin  hazırlanmasını və işçilərin attestasiyasının keçirilməsini yüksək səviyyədə təşkil etmisiniz.

Luiza xanım! 1988-2016-cı illər ərzində institutun elmi-tədqiqat və elmi-təşkilat fəaliyyətini əks etdirən illik yekun elmi hesabatlarının hazırlanması bilavasitə sizə tapşırılmışdır. Eyni zamanda  doktorantların elmi fəaliyyətini  daima diqqət mərkəzində saxlamış və onlara lazımı məsləhət və istiqamətlər vermisiniz.

Sizin elmi yaradıcılığınız həmişə uğurlu olmuşdur.  25 elmi məqalənin müəllifisiniz və 4 monoqrafiyanın ayrı-ayrı bölmələrinin yazılmasında iştirak etmisiniz. Respublika daxilində və xaricdə (MDB) keçirilən coğrafi konfranslarda  və müşavirələrdə iştirakınız olmuşdur.

Uzun illər coğrafiya İnstitutun Elmi Şurasının üzvü və katibi olmusunuz.

 Artıq 2016-cı ildə sağlamlığınızla  əlaqədar öz arzunuzla “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinə böyük elmi işçi vəzifəsinə çalışırsınız.

   AMEA-nın Coğrafiya İnstitutunda işlədiyiniz 47 il müddətində sizi  tələbkar və məsuliyyətli bir elmi işçi kimi tanıyırıq.

 Əziz Luiza xanım! Siz hazırda AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun ən təcrübəli və aparıcı, məhsuldar alimlərdən birisiniz. Çoxillik elmi yaradıcılıq fəaliyyətiniz və müasir coğrafiya elminin inkişafında dəyərli xidmətləriniz  nəzərə alınaraq  dövlətimiz sizi AMEA-nın Rəyasət Heyəti tərəfindən  Fəxri Fərmanları ilə təltif olunmusunuz.

Əziz Luiza xanım! Həqiqətən çoxillik elmi fəaliyyətiniz və elmin inkişafına sərf etdiyiniz ömür, kollektivimiz üçün həm şərəf və həm də fərəhdir.

İcazə verin Sizi bu şərəfli, tarixi yaddaş  günü münasibəti ilə təbrik edək, elmi yaradıcılıq yolunda sizə möhkəm can sağlığı və yeni-yeni uğurlar diləyək.

  

Hörmətlə,

AMEA akademik H.Ə.Əliyev adına

Coğrafiya İnstitutunun direktoru,

akademik                                                                                                       Məmmədov R.M.

 

      HİK-ın sədri, c.ü.f.d.                                                                            Haqverdiyev H.T.