Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında Xanım Osmanova “Abşeron iqtisadi coğrafi rayonunda bələdiyyələrin fəaliyyətinin inkişaf istiqamətləri və ərazi təşkilinin transformasiyası” mövzusunda məruzə edib.
Məruzəçi tədqiqat işində ərazi təşkili səmərəliyini müəyyənləşdirərək, bələdiyyələrin coğrafi rayonlaşdırılmasını aparmış, sosial problemlərin həlli məqsədilə perspektiv dövr üçün əhalinin və işsiz statusa malik olanların sayının proqnozlaşdırılmasnı, bələdiyyələrin resurs potensialı ilə büdcə gəlirlərinin asılılığını təhlil etmişdir. Tədqiqatçı belə qənaətə gəlmişdir ki, qanunda göstərilən səlahiyyətlərin böyük əksəriyyəti onlara verilmədiyindən Azərbaycandakı bələdiyyə bölgü sistemi yerlərdə iqtisadi və sosial problemlərin həllində gücsüzdür və mövcud qanunvericiliyə görə onlar problemlərin həlli üçün tələb olunan maliyyə ehtiyatlarına malik deyillər. X.Osmanova hesab edir ki, ərazisi kiçik, əhalisinin sayı az olan bələdiyyələrin birləşdirilməsi və fəaliyyət göstərən iri təsərrüfat obyektlərindən yığılan vergilərin bir hissəsinin bələdiyyələrə verilməsi zəruridir.
Tədqiqatçı həmçinin, ekstropalyasiya metodundan istifadə edərək, əhalinin 2020 və 2025-ci illərdəki sayını hesablamış və bu metodun tətbiqi ilə Abşeron iqtisadi rayonunda (Bakı şəhəri nəzərə alınmadan) əhalinin və işsiz statusuna malik olanların sayını müəyyənləşdirmişdir.
Məruzəçi iş yerləri ilə bağlı məşğulluq problemlərini həlli üçün yerlərdə mövcud vəziyyətin öyrənilməsini vacib hesab edir.