Cİ əməkdaşı Suraxanı rayonunun 232 saylı məktəbində görüş keçirib Fev 15, 2017 | 12:02 / TƏDBİRLƏR

  Təhsil nazirliyinin “Elmdən təhsilə” elm və təhsilin inteqrasiyası proqramının həyata keçirilməsi, gənclərdə coğrafiya elminə marağı artırmaq istiqamətində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda görülən tədbirlərdən biri də təhsil ocaqlarında elmi işçilərin şagird və tələbələrlə görüşlərinin təşkilidir.

   Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlovun  Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 232 №li məktəbə səfəri də bu məqsədə xidmət edib. Elmi işçi  məktəbin yuxarı sinif şagirdləri üçün “Abşeronum mənim” mövzusunda təqdimatla çıxış edib. O, coğrafiya elminin istiqamətləri, tədqiqat sahələri, Abşeron yarımadasının iqtisadi coğrafiyası, şəhər və qəsəbələrinin əhalisi və s. haqqında geniş məlumat verib, Bülbülə qəsəbəsini coğrafi baxımdan təhlil edib. O həmçinin, özünün mütəxəssisi olduğu Azərbaycanın insan coğrafiyası istiqamətinin tədqiqat sahələri – demoqrafiya və əhali, turizm, tibbi coğrafiya məsələləri və s. ilə şagirdləri tanış edib, Azərbaycanın və Abşeronun müxtəlif xəritələrini nümayiş etdirib.

  Məktəbin müəllim və şagird kollektivi görüşdən məmnun qaldıqlarını və belə tədbirlərin mütəmadi keçirilməsinin məktəblilərin ixtisas seçimində mühüm rol oynayacağını  diqqətə çatdırıblar.