Dekabrın 11-i Beynəlxalq Dağlar Günüdür Dek 07, 2018 | 11:12 / MÜHÜM HADİSƏLƏR

    Hər il dekabr ayının 11 bütün dünyada "Dağlar" günü kimi qeyd edilir. Dağlar Azərbaycan təbiətinin də ayrılmaz parçasıdır. Azərbaycanı geniş, hamar dağarası düzənlikləri və onu şimaldan əhatələyən möhtəşəm Böyük Qafqaz, qərbdən zəngin mineral ehtiyatlara malik Kiçik Qafqaz və cənubdan qeyri-adi floraya sahib Talış dağları ilə birlikdə dağlıq ölkə kimi xarakterizə etmək olar. Bu mənada Azərbaycanın və dünyanın təbii sistemlərini dağlarsız təsəvvür etmək mümkün deyildir. Dağlar təbiətin baş tacıdır, insanlığın qürur mənbəyidir. Hətta Quranda dağlar haqqında ayələr vardır: "Dağları" yaratdıq ki quru sizi narahat etməsin. Burada dərin məna vardır. Əslində kiçik quru parçaları olan düzənliklər sütun kimi səmaya ucalmış dağlarla bir-birinə birləşir. İndi elm bu fikirləri "litosfer tavaları nəzəriyyəsi" ilə bir daha sübuta yetirmişdir.

   Azərbaycanda mövcud olan Böyük Qafqaz, Kiçik Qafqaz, Talış və Zəngəzur-Dərələyəz dağlarının hər birinin özünəməxsus, təkrar olunmaz təbii sistemləri vardır. Dağlarımız yayda düzənliklərə həyat verən çaylarımızın qida mənbəyidir. Onlar ilin soyuq və bolsulu dövründə zirvələrində konservasiya etdikləri sular vasitəsi ilə çaylarımızı su ilə təmin edirlər. Dünyanın 11 iqlim tipindən 9-nu Azərbaycanda var edən yenə də dağlarımızdır. Mineral sərvətlərimizin zənginliyi üçün yenə də dağlarımıza borcluyuq.

  Dağlarımızın insanların həyat tərzində, adət-ənənələrində, mədəniyyətində, psixologiyasında və s. dərin izlər buraxmışdır.

  Dağlar həm də insanların sığınacaq yeridir, dövlət və milli sərhədlərin müəyyən olunmasında vacib amildir.

   Hazırda dağlarımızın kifayət qədər ekoloji, sosial-iqtisadi və siyasi problemləri də mövcuddur. Dağlar insan oğlunun ona səriştəsiz, düşünülməmiş münasibətini heç vaxt bağışlamır. Belə münasibətə dağların qisası yaman olur. Sazın səsinə qəribsəmiş Qarabağ dağları, Kəlbəcərin Taxta düzü yaylağı.                                                       

"Landşaftşünaslıq
                                                 və landşaft planlaşdırılması" şöbəsinin
                                            müdiri, c.ü.f.d.,dos. M.C.İsmayılov