AMEA-nın Yer Elmləri Bölməsinin Geologiya və Geofizika İnstitutunda keçirilən növbəti iclasında Coğrafiya İnstitutunun 2018-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatı təqdim edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, müvafiq bölmə institutlarının rəhbərləri və nümayəndələri, eləcə də Coğrafiya İnstitutunun əməkdaşları iştirak ediblər.
İclasa sədrlik edən akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, iki problemi əhatə edən 17 mövzu üzrə 18 mərhələdə elmi-tədqiqat işləri aparılmış, onlardan cari ildə 4 mövzu, 11 iş 18 mərhələ başa çatmış və 3 mühüm elmi nəticə əldə edilmişdir. Qeyd olunub ki, cari ildə Cİ-də “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının Sərəncamının icrası, eləcə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı tədqiqatlar aparılıb.
Bildirilib ki, tədqiqatlar nəticəsində son 150 il ərzində Kür dağarası çökəkliyində yarımsəhraların, eləcə də quru və kserofit kolluq bozqırların sahəsinin artması, arid və tuqay meşələrinin isə azalması müəyyənləşdirilib.
Lənkəran təbii vilayətinin su ehtiyatlarının müasir vəziyyətinin də araşdırıldığı diqqətə çatdırılıb. Su ehtiyatları 5% azalaraq 1.43 km3 həcminə düşüb. Alim bunun sözügedən ərazidə 1991-2015-ci illərin quraq keçməsi və çaylardan suyun kanallar vasitəsilə hidrometeoroloji məntəqələrdən artıqlaması ilə götürülməsindən qaynaqlandığını deyib.
Direktor müavini eyni zamanda son onilliklərdə atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində bəzi dəyişikliklərin baş verdiyini, Böyük Qafqazın cənub yamacının qərb hissəsində yağıntıların ümumi miqdarının artdığını, sutkalıq miqdarının çox olan günlərinin sayının isə azaldığını diqqətə çatdırıb: "Təhlillər göstərdi ki, bunlar əraziyə daxil olan hava kütlələrinin xüsusiyyətləri ilə, konvektiv dayanıqsız təbəqənin qalınlığının az olması, həmçinin hava kütlələrinin müdaxiləsinin istiqaməti ilə bağlıdır".
Coğrafiya İnstitutu tərəfindən ilk dəfə dalğalı dəniz səthində Günəş parıltılarının ani təsvirindən səthin ani relyefini təyin etməyə imkan verən riyazi metodun işləndiyini deyən M.Həsənov simulyasiya və eksperimentlə metodun korrektliyinin isbatlandığını bildirib.
Alim, o cümlədən, respublikanın kənd təsərrüfatında əldə olunan gəlirin 46%-nin bitkiçilik, 54%-nin heyvandarlığın payına düşdüyünü, taxıl istehsalının isə 2005-ci ilə nisbətən 44% artdığını deyib.
Ölkədə əhalinin orta ömür müddətinə də toxunan M.Həsənov bu göstəricinin 1995-ci ildə 69,1 il olduğunu, 2015-ci ildən sonra 75,4 ilə, o cümlədən qadınlar arasında 77,8 ilə, kişilər arasında 73,1 ilə yüksəldiyini diqqətə çatdırıb.
O, hesabat ilində müəssisədə görülən işlərin 3 kitab, 10 monoqrafiya, 1 jurnal və dərs vəsaiti, 3 dərslik, 2 metodiki vəsaitdə, eləcədə 120 məqalədə (4-ü impakt faktorlu olmaqla, 39-u xaricdə nəşr olunub) əksini tapdığını söyləyib.
Hesabat dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Coğrafiya İnstitutunun 2018-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatı yüksək qiymətlə qəbul edilib.