AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında coğrafiya üzrə fəlsəfə doktoru İsmayıl Quluyev “İnsanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişmiş torpaqlarda ekzodinamiki və torpaqdaxili proseslər, ekoloji baxımdan normallaşdırma və torpaqların keyfiyyətcə idarə olunması modelləri (Ceyrançöl timsalında)” mövzusunda məruzə edib.
Məruzəçi Ceyrançöl massivində torpaqların yüksək dərəcədə ekzodinamik proseslərə məruz qalmasının başlıca səbəbini ərazidə ekstensiv heyvandarlıqla bağlı olaraq sistemsiz otarma və hər hektara düşən qaramalın baş sayının ərazi üçün tələb olunan normanı dəfələrlə keçməsi ilə əlaqələndirir.
Tədqiqatçı bildirib ki, ərazidə əkinçiliyin genişlədirilməsi torpaqlar üçün təhlükə riskini artırır. Hesablamalara görə sürəti 4,5-5 m/san-ə çatan küləklər bir il müddətində 15 gün davam edərsə, nəticədə şum olunmuş torpaqların hər hektarından 550-570 t torpağın münbitlik fraksiyalarının sovrulub aparılması baş verə bilər. Kürün sol sahili ətraf ərazilərlə müqayisədə eroziya bazisinin dərinləşməsi nəticəsində uçqun və eroziya proseslərinin sürətlənməsinə və beləliklə münbit torpaqların getdikcə azalmasına səbəb olur. Ərazidə əkinçiliyin genişləndirilməsi mövcud qış otlaq sahələrinin azalmasına gətirib çıxaracaq. Belə olan halda torpaq sahələri daha çox deqradasiyaya məruz qalacaqdır.
Tədqiqatçı Ceyrançölün əkinə yararlı torpaqlarının qida maddələri ilə təmin olunması üçün ətraf ərazilərdə toplanmış peyin ehtiyatlarının əkin sahələrinə tətbiqinin məqsədəuyğun sayıldığını və bununla da torpağın itən münbitliyini 25-30 % bərpa etməyin mümkünlüyünü diqqətə çatdırıb. O, qeyd edib ki, Ceyrançöldə külək eroziyası əsasən ilin isti dövründə baş verir. Bu zaman torpağa dəyən neqativ təsirləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Bunun üçün hava proqnozunu izləmək və külək əsməsindən öncə torpaqlarda süni yağış yağdırma üsulu ilə rütubəti artırmaqla bu təsiri dəfələrlə azaltmaq mümkündür.