Xocalı faciəsinin 27-ci ildönümü qeyd edilib Fev 26, 2019 | 06:02 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 27-ci  ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib.

Öncə Vətən uğrunda canlarından keçmiş  şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov  tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, bəzi dünya ölkələri Xocalı soyqırımını tanısalar da, əslində dünya ictimaiyyətində bu hadisələrə münasibət ikili xarakter daşıyır. Direktor müavini bunun əsas səbəbini informasiyanın kütləvi informasiya vasitələri tərəfindən düzgün verilməməsində gördüyünü diqqətə çatdırıb. O bildirib ki, hadisələr baş verən gün dünyanın 37 ölkəsindən dəvət olunan jurnalistlərə kameranın yaddaşına həkk etdikləri  dəhşətli səhnələrin izahını təhrif edərək təqdim edib, ermənilərin azərbaycanlılara deyil, əksinə olaraq, azərbaycanlıların ermənilərə divan tutduqları kimi açıqlama veriblər. Ölkədə tədricən baş qaldıran hadisələrin həm xaricdə, həm də ölkə daxillində gizlədilməsini o vaxtkı dövlət rəhbərlərinin böyük səhvində görən natiq informasiyanın böyük qüvvə olduğunu, onun düzgün və  vaxtında ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib: “Mən istərdim ki, bir coğrafiyaçı olaraq hər birimiz ölkə xaricində keçirilən tədbirlərdə iştirak edərkən, məruzə qabağı özümüzün bir neçə dəqiqəmizi  torpaqlarımızin işğalı ilə bağlı məsələyə ayıraq, erməni şovinistlərinin xüsusən Xocalıda törətdikləri vəhşiliklər barədə iştirakçıları  məlumatlandırmaqla həqiqətin ictimaiyyət arasında yayılmasına çalışaq”. Direktor müavini bildirib ki, Çində keçirilən 4-cü Asiya Coğrafiya Konfransında çıxışı zamanı özü ilə apardığı Azərbaycanın işğal olunmuş ərazilərinin xəritəsini nümayiş etdirərkən bizim informasiya sahəsindəki geriliyimizin özünü kəskin şəkildə biruzə verdiyinin  şahidi olub: Asiya ölkələrindən gəlmiş coğrafiyaçıların  çoxu  məlum həqiqətlərdən xəbərsiz idilər.

 Sonra  Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d Etibar Bədəlov “Xocalı faciəsinə gətirən səbəblər” mövzusunda geniş məruzə edib. O, Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” kitabından nümunələr gətirərək Xocalı faciəsini yetişdirən tarixi hadisələri təhlil edib, bəzi məqamlara aydınlıq gətirib. Bildirib ki, 1828-ci il, 26 fevral tarixində İrəvanın rus imperiyası tərəfindən işğalı ilə Azərbaycan ərazilərinin paylanmasına başlanılıb. E.Bədəlov bütün şəhidlərin ruhuna fatehə oxumaqla çıxışını yekunlaşdırıb.

İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxışında qeyd edib ki, Azərbaycanın başına gələn faciələrin səbəbi tarixi torpaqlarımızda sonradan məskunlaşan ermənilərin ərazilərimizi ələ keçirmək xülyasıdır və xaricdən onlara havadar olanlar da az deyil. Gələcəkdə də belə faciələrlə rastlaşmamaq üçün erməni vəhşiliklərinin yaddaşımızdan silinməsinə yol verməmliyik.

Şöbə müdiri, dosent Ənvər Əliyev  və aparıcı elmi işçi, c.ü.f.d. Qəşəm Yaqubov mövzu ətrafında çıxış edərək, Xocalı faciəsinə  münasibət bildiriblər.

Tədbirin sonunda “Xocalını unutmayaq” video çarxı nümayiş etdirilib.