Demoqrafik inkişafın problemləri mövzusunda məruzə dinlənilib Fev 27, 2019 | 05:02 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə  AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti Elmi seminarında Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimovun “Azərbaycanda demoqrafik inkişafın regional problemləri” adlı məruzəsi dinlənilib.

Tədqiqatçı  regional demoqrafik inkişafın davamlılığını müəyyən edən amilləri təhlil etmiş, əhalinin artım tempinə görə regionların müqayisəsini aparmış, onların davamlı demoqrafik inkişaf potensialını qiymətləndirmişdir. Azərbaycan ərazisində məskunlaşma baxımından yüksək əlverişli olmayan ərazilər qeyd edilmiş, rayonların demoqrafik inkişafında münbit torpaqların mövcudluğunun, eləcə də paytaxta və iri regional mərkəzlərə yaxınlıq amilinin mühüm rol oynadığı diqqətə çatdırılmışdır.   

R.Kərimov regionların demoqrafik inkişafının sosial-iqtisadi baza amillərini 4 qrupa ayıraraq onları şərh etmişdir. Hazırlanmış cədvəllər əsasında sənaye potensialına görə ölkədə yüksək ərazi disproporsiyasının qaldığını vurğulamışdır.

Bildirilib ki, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən müvafiq xəritə hazırlanmışdır. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi-coğrafi və inzibati rayonlar fərqləndirilmişdir. Həmçinin regionlarda orta hesabla əhalinin hər nəfərinə düşən mənzil sahəsinin azaldığı diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, 1999-cu il siyahıyaalınmasına əsasən əhalisi 10-20 min arasında olmuş inzibati rayon mərkəzlərinin demoqrafik inkişafı əsasən ləng gedir, son 20 il ərzində onların əksəriyyətində əhalinin orta illik artımı 1%-dən aşağı olmuş, bu kateqoriyadan olan inzibati rayon mərkəzləri arasında yalnız Ağsu, Biləsuvar, həmçinin Neftçala şəhərlərində nisbətən sürətli artım qeydə alınmışdır. Əhalisi 10 min nəfərdən az olan rayon mərkəzlərinin əhali cəlbetməsi  zəifdir. Azərbaycanın iri şəhərləri arasında isə demoqrafik baxımdan ən zəif templə inkişaf edən şəhər Mingəçevirdir. Bu şəhərin əhalisi son 20 ildə cəmi 10,5 min nəfər (11%) artmışdır.

Müəllif son illərdə əhalisi azalan kəndlərin nisbətən çox olduğu regionlar kimi Quba-Xaçmaz, Lənkəran-Astara, həmçinin Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi-coğrafi rayonlarını  qeyd etmişdir. O, apardığı tədqiqatın nəticəsi olaraq inzibati rayonların əhalisinin sayını, artım tempini, mövcud demoqrafik potensialı ifadə edən bir neçə xəritə hazırlamış və onlar əsasında təhlil aparmışdır.

R.Kərimov sonda tədqiq etdiyi problemlər üzrə təkliflərini verib. O, alimlər tərəfindən dağlıq və sərhəd rayonlarının, oradakı yaşayış məntəqələrinin inkişafına dair xüsusi altproqramın işlənib hazırlanmasını və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına daxil edilməsini məqsədəuyğun hesab edib.