Qızılağac körfəzinin hidrokimyəvi və hidrometeoroloji vəziyyəti müzakirə olunub Apr 24, 2019 | 05:04 / ELMİ İCLASLAR

AMEA Coğrafiya İnstitutu elmi seminarının növbəti iclasında dos. Zabit Allahverdiyev  “Xəzər dənizinin səviyyə dəyişmələrinin Qızılağac körfəzinin morfoloji xarakteristikalarına, hidrometeoroloji və hidrokimyəvi şəraitinə təsirinin tədqiqi” mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi Qızılağac körfəzində çöl tədqiqat işlərinin nəticələri barəsində məlumat verərək bildirib ki, Kiçik və Böyük Qızılağac körfəzlərində əvvəlcədən təyin edilmiş nöqtələrdə dərinlik üzrə ölçmə işləri aparılmış, səth suyundan və dib çöküntülərindən nümunələr götürülmüş, axın sürətinin, səth suyunun  və havanın temperaturu ölçülmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq keçən) hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplanmışdır.

Aparılam müşahidələr göstərir ki, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyəti çox pis hala düşmüş, sahil zonaları plastik və dıgər tullantılarla zibilləndirilmişdir.         Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 m məsafədə formalaşmışdır. Materiklə adanı birləşdirən bənd, kiçik Qızılağacla dənizi birləşdirən qəza kanalı və balıqların kiçik körfəzdə kürü tökməsi üçün istıfadə olunan kanal yaxşı və işlək vəziyyətdədir. Qızılağac körfəzi ərazisində havanın çoxillik temperaturu (1991-2016-cı illər üçün) (14,8 dərəcə) normadan (1961-1990-cı illər)  (14,1 dərəcə)  0,7 dərəcə çoxdur.  Ərazidə yağıntıların artması müşahidə edilir. Belə ki,  norma 1067 olduğu halda 1991-2016-cı illərdə  atmosfer çöküntülərinin orta illik göstəricisi normadan (1115 mm) çox müşahıdə edilmişdir.