20 yanvar faciəsinin 27-ci ildönümü Yan 19, 2017 | 08:01 / MÜHÜM HADİSƏLƏR

Yanvarın 19-da AMEA akademik H.Əiyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra İnstitutun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək o dövrdəki ictimai-siyasi vəziyyətdən,

SSRİ rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətindən, Azərbaycanın milli-azadlıq hərəkatında 20 Yanvar hadisələrinin rolundan, xalqımızın qəhrəmanlıq nümunələrindən qısaca söhbət açdı.

Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev mövzu ilə bağlı məruzə ilə çıxış edərək  xalqımızın qürur mənbəyinə çevrilmiş 20 Yanvar hadisələrinin səbəbləri, həmin dövrdəki şərait, hadisələrə verilən qiymət, eləcə də Heydər Əliyevin hadisə ilə bağlı bəyanatları haqqında geniş danışdı. O  bildirdi ki, 20 Yanvar faciə olduğu qədər də, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu, azadlıq üçün ölümündən qorxmadığını nümayiş etdirdi, milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası oldu. 

İnstitut əməkdaşları Namazəli Mustafayev, Luiza Salayeva, c.ü.f.d. İsmayıl Quliyev, Bibixanım İbrahimova və başqaları 20 Yanvar faciəsilə  bağlı xatirələrini bölüşərək, Vətənimizə qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və  xalqımızın şəhid olan mərd oğulları ilə fəxr etdiklərini vurğuladılar.

Tədbirin sonunda  20 yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirildi.