CASPİSNET-in növbəti illik beynəlxalq toplantısı keçirilib. İyn 12, 2019 | 11:06 / KONFRANSLAR

İyunun 3-dən 12-dək Bakı şəhərində (Holidey-İnn hoteli)  AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  təşəbbüsü və Xəzər Regionunun Dayanıqlı İnkişaf perspektivlərinin tədqiqi məqsədi ilə yaradılan  Xəzər İnteqrasiyali Elmi-Tədqiqat Şəbəkəsinin (Caspian İntegrated Scientific Network – CASPİSNET) “Xəzər Hövzəsinin inkişafı  İqlim dəyişmələri - Su - Enerji  - Ərzaq təhlükəsizliyi kontekstində: Dayanıqlı inkişafın regional yolları” mövzusunda illik toplantısı keçirilib. 

CASPİSNET-in on gün davam edən illik toplantısı BP Azərbaycan, ESRİ, LİGHTHOUSE GEO və Fransanın Azərbaycandakı səfirliyinin baş sponsorluğu ilə yanaşı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi, SOCAR-FUGRO, Rubicon Geosystems, Spectra,  Provitaz, Azərbaycan-Fransız İnstitutu, CAMPUS  France, AZGREEN və bir çox digər təşkilatların dəstəyi ilə uğurla baş tutmuşdur.

İyunun 4-də tədbiri giriş sözü ilə açan CASPİSNET-in həmsədrləri AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov və Cenevrə Universitetinin professoru Aleksandr Babak Hedjazi tədbir iştirakçılarını salamlamış və tədbirin keçirilməsinin məqsədini açıqlamışlar.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik Akif Əlizadə qeyd etmişdir ki, Xəzər dənizi yalnız Azərbaycan üçün deyil, digər region ölkələrinin də inkişafında önəmli rola malikdir. CASPİSNET-in yaradılması və fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, prezident  bu təşəbbüsün olduqca məsuliyyətli, önəmli və zamanında irəli sürüldüyünü qeyd etmişdir. O, CASPİSNET-in yaradılması təşəbbüsünü və onun fəaliyyətini tam dəstəklədiyini bildirmiş, yüksək səviyyəli beynəlxalq tədbirin işinə uğurlar arzulamışdır.  

Tədbirin açılış mərasimində iştirak edən İtaliya  səfirliyi nümayəndəliyinin rəhbəri Umberto Boeri “Xəzər Elmi Şəbəkəsinə milli dəstəyin rolu” mövzusunda çıxış edərək, regional dayanıqlığın təmin olunması məqsədilə CASPİSNET-ə dəstək istiqamətində İtaliya-Azərbaycan əməkdaşlığının perspektivləri haqqında maraqlı fikirlər irəli sürmüşdür.

Tədbirdə həmçinin BMT-nin Əhali Programının beynəlxalq məsləhətçisi xanım Katja Schaefer “Qlobal Dayanıqlıq və maliyyə İmkanları”, BP Azərbaycan şirkətinin təmsilçisi Dr. Nazim Abdullayev “Xəzər dənizinin geoloji vəziyyəti - mövcud problemlər”, ESRİ şirkətinin Yaxın Şərq və Afrika  qlobal mərkəzinin  təmsilçisi Dr. Carsten Bjornsson “CASPİSNET-in CİS məkanında yeri və perspektivləri”,  Harvard Universitetinin professoru və Dayanıqlı İnfrastruktur üzrə Zofnas proqramının direktoru  Spiro Polallis “Dayanıqlı İnfrastruktur və Reytinq Sistemləri: Gözlənilən nəticələr”, Çili  Respublikası səfirliyinin səlahiyyətli nümayəndəsi Qabriel Jara  “Regional elmi şəbəkələr Çili timsalında” mövzularında maraqlı məruzələrlə çıxış ediblər.

CASPİSNET-in illik toplantısının plenar iclaslarında Amerika Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) Qoddard Kosmik Uçuş Mərkəzi,  Fransa Milli Kosmik Tədqiqatlar Məzkəzinin Kosmik Okeanoloji Tədqiqatlar Laboratoriyasi, Cenevrə Universiteti, Rusiya Elmlər Akademiyası Okeanologiya İnstitutu və digər təşkilatları təmsil edən tədqiqatçılar CASPİSNET və onun Xəzər hövzəsinin dayanıqlı inkişafinda açdığı imkanlar haqqında maraqlı məruzələrlə çıxışlar etmişlər. 

On gün davam edən illik toplantı CASPİSET-in indiyə qədər keçirdiyi ən böyük və ən perspektivli tədbir olaraq,  bir-biri ilə bağlı olan 3 hissədən ibarət olub: 

  • CASPİSNET İllik Toplantısı - 4-5 iyun,
  • CASPİSNET Elmi Ekspertlər Toplantısı - 6-8 iyun,
  • CASPİSNET – ESRİ Beynəlxalq Təlimləri - 3-12 iyun.

 Tədbirin keçirilməsində əsas məqsəd ölkə ictimaiyyətini CASPİSNET və onun fəaliyyəti haqqında məlumatlandırmaqla yanaşı, həmçinin CASPİSNET Elmi Ekspertlər Toplantısı çərçivəsində cari və yaxın perspektivdə planlaşdırılan beynəlxalq layihələrlə bağlı fəaliyyət planının müəyyən olunması və həmçinin CASPİSNET-in  Nizamnaməsinin hazırlanmasından ibarət olub.

CASPİSNET-ESRİ Beynəlxalq Təlimləri dünyada CİS sahəsində lider olan ESRİ şirkətinin ən son ArcGİS Pro proqram platformasının CASPİSNET tədqiqatçılarının, xüsusilə Azərbaycandan olan tədqiqatçıların gələcək multi-distiplinar beynəlxalq layihələrdə işləmə imkanlarını artırmaq məqsədilə təşkil olunmuşdur. Tədbir çərçivəsində keçirilmiş CASPİSNET-ESRİ Beynəlxalq təlimləri məzmunu və əhəmiyyətinə görə son 27 ildə yalnız Azərbaycanda deyil, həmçinin Xəzər regionunda elmi tədqiqat məqsədləri üçün keçirilən ən önəmli tədbirlərdən biri hesab oluna bilər. Səkkiz gün davam edən və 3 hissədən  ibarət  olan təlimlərdə müxtəlif ölkə və təşkilatları təmsil edən 33 doktorant, mühəndis və tədqiqatçı ESRİ şirkətinin müvafiq “Introduction to GIS using ArcGIS”, “ArcGIS pro: Essential Workflows” və “Spatial Analysis with ArcGIS Pro” bölmələri üzrə  rəsmi sertifikatlarla  təltif olunub.

CASPİSNET-in koordinatoru Dr. Elnur Səfərov qeyd edib ki,  getdikçə böyüməkdə olan Beynəlxalq İşçi Qrupu hazırda özündə qırxdan çox beynəlxalq təşkilat, universitet, laboratoriya və digər qurumlarda təmsil olunan on altı ölkənin altmışdan çox yerli və beynəlxalq ekspertini birləşdirir. O bildirib ki, CASPİSNET-in əsas məqsədi Xəzər dənizi bölgəsinin dayanıqlı inkişafı ilə bağlı durumu dəyərləndirmək, Xəzər dənizi bölgəsinin qlobal miqyasda baş verən dəyişikliklərin dinamikası istiqamətində bir laboratoriya kimi vacib rolunu layihələndirmək, BMT-nin “2030 Gündəliyi”nin ən yaxşı təcrübələrini və dayanıqlılıq strategiyalarını mübadilə edib CASPISNET-in Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməkdən ibarətdir.

Bundan əlavə, CASPİSNET həmçinin, Xəzər bölgəsi üzrə mütəxəssislər üçün təlim-tədris çərçivəsi formalaşdırmaq və müvafiq səlahiyyətli qurum və təşkilatların siyasi sərəncamında olan erkən xəbərdarlıq sistemini qurmaqla, milli ehtiyatları məlumatların təhlili yönündə cəmləyərək regional səviyyədə qərarverməyə dəstək sistemi yaratmaq məqsədini daşıyır. 

CASPİSNET-in rəsmi internet səhifəsi hazırlanmaqdadır və tezliklə istifadəyə veriləcək.