Coğrafiya müəllimləri problemlərin müzakirəsi üçün bir araya toplaşıblar İyl 06, 2019 | 03:07 / MÜHÜM HADİSƏLƏR

İyunun 30-da coğrafiyaçı fəallar – Azərbaycanın müxtəlif şəhər və kəndlərinin ali və orta məktəb müəllimləri, elmi tədqiqat institutlarının əməkdaşları, eləcə də coğrafiya dərsliklərinin müəllifləri, Dövlət İmtahan Mərkəzinin ekspertləri, fəxri ad almış coğrafiyaçılar bir araya yığışıblar.

Görüşün təşkilində məqsəd Azərbaycan təhsilində coğrafiya fənninin bugünkü vəziyyəti, tədrisində olan problemlər və fənnin gələcək durumu haqqında müzakirələr aparmaq, bir sıra məsələlərə aydınlıq gətirmək olub.

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Elvin Soltanov, BDU-nun dosenti Nərminə Seyfullayeva, orta məktəb müəllimləri Şamxal Haşımov, Fərəc Cəfərov, Xəzər Nuriyev, Amid Məmmədov, Samir Cəbrayılov, Ramiz Tayıbov, əməkdar müəllimlər Məhəmmədəli Rəsulov, Şərafət Hüseynli və başqaları coğrafiya fənninin orta və ali məktəblərdə mövcud problemlərindən, bakalavr və magistratura pillələri üzrə qəbul imtahanlarına salınmış sualların qəlizliyindən,  coğrafiya fənninin orta və ali məktəblərdə nüfuzunun azalmasından və buna əsas səbəb kimi fənnin nə buraxılış imtahanlarında, nə də ali məktəblərə qəbul imtahanlarında II ixtisas blokundan başqa digər bloklara salınmamasından və sairdən danışıblar, bir çox təkliflər irəli sürüblər. Yeri gəlmişkən, qeyd edək ki, iyunun  22-də AzTv-də efirə gedən “Təhsil üçbucağı” verilişində bu məsələlərə geniş yer verilmişdi

Görüş iştirakçıları bu kimi problemlərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsini  və bunun aidiyyatı təşkilatlara  çatdırılmasının vacibliyini xüsusi  qeyd ediblər.