“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib İyl 11, 2019 | 12:07 / TƏDBİRLƏR

Beynəlxalq Mətbuat Mərkəzində  AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli, Coğrafiya İnstitutunun direktoru,  akademik Ramiz Məmmədov, Milli Məclisin deputatı Fazil Mustafa,  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvi Əlövsət Quliyev, Naxçıvan Muxtar Respublikasıının daimi nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov, Coğrafiya İnstitutunun əməkdaşları, BDU-nun alimləri və b. iştirak ediblər.

Akademik Ramiz Məmmədov tədbiri açaraq ilk növbədə bu günün həm də  ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin 50 illiyinin qeyd edilməsi ilə bir günə təsadüf etdiyini  diqqətə çatdırıb, tədbir iştirakçılarını  bu münasibətlə təbrik edib.

Ölkədə elmin inkişafına verilən xüsusi diqqəti qeyd edən akademik İnstitutda aparılan tədqiqatlar barədə məlumat verib. O bildirib ki, bütünlükdə Azərbaycan ərazisi Coğrafiya İnstitutunun tədqiqat “laboratoriyasıdır”. Çünki İnstitut onun landşaftını, geomorfologiyasını, iqlimini, hidrologiyasını, torpaqlarını, əhalisini və s. öyrənir. “Biz qərara aldıq ki, hər bir bölgənin coğrafiyasını daha düzgün  və dolğun öyrənmək üçün bölgələrə səfərlər etməliyik və bu məqsədlə elmi tədbirlərimizi yerlərdə keçirməyə başladıq”, - deyən akademik bu  üsulun yaxşı nəticə verdiyini, “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyinin uğurunu və onun Dövlət Mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki,  Naxçıvan coğrafiyası da beləcə hazırlanıb, - müəlliflər dəfələrlə Muxtar Respublikaya ezam olunublar, ayrı-ayrı nazirlik və idarələrdə regionda baş verən dəyişikliklər və əldə olunan nailiyyətlər haqqında məlumatlar toplayıb, tədqiqat işinə  böyük məsuliyyətlə yanaşıblar. Alim bildirib ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi dövlət təşkilatlarının mütəxəssisləri, iş adamları, elmi işçilər, ali məktəblərin müəllim-professor heyəti, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz etibarlı elmi  mənbədir.

İkicildlik haqqında geniş məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirib ki, akademik R.Məmmədovun baş redaktorluğu, AMEA-nın müxbir üzvü, mərhum Elbrus Əlizadə və akademik İsmayıl Hacıyevin elmi redaktorluğu ilə çap edilən ikicildliyin birinci – fiziki coğrafiya cildində zəngin təbii şəraitə və ehtiyatlara malik, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilib. Fundamental əsərdə Muxtar respublikanın  oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılıb, alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, MR iqliminin insan səhhətinə təsiri kimi məsələlər də öz əksini tapıb. Naxçıvan iqliminin 60-cı illərdən sonra ilk dəfə olaraq yeni məlumatlar əsasında işləndiyini qeyd edən direktor müavini  göstərib ki, kitabda verilən  bütün materiallar ən yeni məlumatlara əsaslanır.

Kitabın NMR-nın sosial-iqtisadi coğrafiyasına həsr olunan 2-ci cildində  Muxtar Respublikanın iqtisadi-coğrafi mövqeyi yeni baxışla nəzərdən keçirilib,strateji mövqeyi daha aydın və geniş şəkildə şərh edilib. Cild akademiklər Ramiz Məmmədov və İsmayıl Hacıyevin baş redaktorluğu, Coğrafiya İnstitutunun əməkdaşları – coğrafiya üzrə elmlər doktoru Zakir Eminov və coğrafiya üzrə fəlsəfə doktoru Nizami Eyyubovun elmi redaktorluğu ilə çap olunub. Miqrasiya problemləri, faydalı qazıntıları, əhalisi, yeni qəsəbələrin salınmasında landşaft planlaşdırılması və s. müasir tələblərlə tədqiq edilib, perspektivli sahələr xüsusi qeyd edilib, yol strukturu, kənd təsərrüfatının ərazi təşkili kitabda öz əksini tapıb.

Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” monoqrafiyasını yazmaqla Coğrafiya İnstitutunun və eləcə də AMEA Naxçıvan bölməsinin alim və  mütəxəssisləri Azərbaycan elmindəki böyük böşluğu doldurublar. “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyini müstəqillik illərində yazılmış Azərbaycan elminin ən mühüm nailiyətlərindən biri adlandıran vitse-prezident deyib ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” kitabı  Naxçıvanın coğrafiyasına həsr olunmuş birinci, çox ciddi ensiklopedik nəşrdir. O bildirib ki, müəlliflər məsələyə qlobal yanaşaraq kitabda tarixi məlumatlara da yer ayırmışlar. Əsərdə toponomik araşdırmalara böyük dəyər verən alim kitabı oxuyanların Naxçıvanın ən qədim prototiplərin – oğuz türklərinin yaşadığı diyar olduğunu anladıqlarını diqqətə çatdırıb: “Bu isə torpaqlarımıza göz dikən erməni qonşularımıza çox tutarlı cavab, danılmaz faktdır! Coğrafiyaçı alimlərin toponimika sahəsində apardıqları tədqiqatlar kitabın elmi-coğrafi dəyərini artırmaqla bərabər siyasi əhəmiyyətini də artırır”.

Millət vəkili Fazil Mustafa uzun müddət blokada şəraitində yaşamış Naxçıvana həsr olunan coğrafiya kitabının ciddi siyasi, strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, əsərin  ingilis və rus dillərinə tərcümə olunaraq xarici ölkələrin kitab fondlarına göndərilməsinin vacibliyini qeyd edib.

NMR-in daimi nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov cıxış edərək Muxtar Respublikanın son illərdə əldə etdiyi böyük nailiyyətlərdən, onun çoxşahəli proqram və layihələr həyata keçirməsindən söz açıb, bu uğurların ikicildlikdə öz əksini tapmasından qürur duyduğunu dilə gətirib.

AMEA-nın müxbir üzvi Əlövsət Quliyev coğrafiya və ona yaxın sahələrdə  Naxçıvanda görülən işlərdən, rəhbərlik etdiyi müəssisənin şoranlaşmış torpaqlar, meliorasiya sahəsindəki fəaliyyətindən danışıb, fundamental monoqrafiyanın tariximiz üçün çox dəyərli mənbə olduğunu bildirib.

Naxçıvan ərazisini unikal adlandıran BDU-nun  kafedra müdiri, professor Tapdıq Həsənov bu kitabın müasir bazar iqtisadiyyatına uyğun yazıldığını qeyd edib, Naxçıvan əhalisinin işlə təminatında kitabda əksini tapan qiymətli məlumatlardan istifadə olunacağını diqqətə çatdırıb.