Əməkdaşımız Yay Vikidüşərgəsində iştirak edib İyl 19, 2019 | 03:07 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova 14-15 iyul tarixlərində "Vikimediaçılar" istifadəçi qrupu və "Azərbaycan Vikimedia Könüllüləri" İctimai Birliyinin Şamaxı şəhərində təşkil etdiyi Yay Vikidüşərgəsində  iştirak edib.

Sumqayıt Texnologiyalar Parkının dəstəyi ilə baş tutan tədbirdə A.Aslanova təcrübəli istifadəçi olaraq  “Vikitəhsil” mövzusunda çıxış edib. Düşərgə müddətində həmçinin "Vikistatistika", "Vikipediyanın təbliği” və "Vikicəmiyyət və Vikimedia hərəkatı"  mövzularında çıxışlar dinlənilib, texnologiya mövzusunda 30-dan artıq məqalə yaradılıb, Vikianbara 300-dən artıq şəkil yüklənib.

İştirakçılar Şamaxı şəhərinin tarixi-mədəni abidələrini, Şamaxı Cümə məscidini, Yeddi Gümbəz məqbərə kompleksini, Şahxəndan türbəsini, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini, Dəmirçi kəndini və kəndin Arxeologiya muzeyini və Pirqulu qəsəbəsini ziyarət edərək Vikipediyada istifadə edilmək üçün fotoşəkillər çəkiblər. 

Tədbirin  sonunda iştirakçılara sertifikatlar verilib.