Ağdaşda ACC-nin konfransı olacaq Sen 09, 2019 | 11:09 / TƏDBİRLƏR

Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatların əsas hissəsi regionların inkişafına yönəldilmişdir. Onların həyata keçirilməsi prosesində mövcud təsərrüfat obyektlərinin fəaliyyətinin bərpa edilməsi ilə yanaşı, təbii şərait və təbii ehtiyat potensialından istifadə etməklə yeni istehsal və xidmət müəssisələri yaradılır, sosial-mədəni obyektlər və nəqliyyat-kommunikasiya şəbəkəsi müasir tələblər səviyyəsində yenidən qurulur.

Regionların təbii-landşaft potensialının mühafizəsi, torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunması, davamlı olaraq sahəsi genişləndirilən milli parkların potensialından istifadə edilməsi vacib vəzifələr kimi qarşıda durur. Onların turizm təsərrüfatının inkişafında da rolu böyükdür.

 Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətlərdə məsələlərin müzakirə edilməsi məqsədilə 2019-ci il oktyabrın axırı-noyabrın əvvəlində Ağdaş şəhərində Azərbaycan Coğrafiya CəmiyyətininAzərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilməsi nəzərdə tutulur.

Konfransın əsas bölmələri aşağıdakılardır:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti və perspektivləri
  • Müasir iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • Torpaq-bitki örtüyünün mühafizəsi
  • Sosial-iqtisadi və demoqrafik inkişaf, onların regional problemləri və perspektiv istiqamətləri

 

MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ!

 Məqalələr aşağıdakı qaydalar əsasında tərtib edilməlidir:

  1. Format A4, interval 1,5, yuxarı, aşağı, sağ və soldan 2 sm;
  2. Şrift Times New Roman, şriftin ölçüsü 14;
  3. Məqalənin yuxarısında qeyd edilməlidir: məqalənin adı, müəllifin adı, soyadı, atasının adı, işlədiyi təşkilatın adı, e-mail ünvanı;
  4. 2 dildə (rus/azərbaycan və ingilis dillərində) xülasə;
  5. Ədəbiyyat siyahısı və məqalədə onlara istinadlar;
  6. Məqalələr 5 səhifədən az olmamalıdır;
  7. Məqalələr elektron formatda və çap olunmuş şəkildə təqdim olunmalıdır
  8. Bir müəllifdən yalnız bir məqalə qəbul edilir.

 Qeyd: Konfransın materialları komissiya tərəfindən seçiləcək və AMEA Coğrafiya İnstitutunun “Coğrafiya və təbii resurslar” jurnalının xüsusi buraxılışı kimi nəşr ediləcəkdir. Konfransın mövzusuna uyğun gəlməyən və elmi məzmunu zəif olan məqalələr nəşr edilməyəcək.

Məqalələr  15 oktyabr 2019-ci il tarixinə kimi qəbul edilir (AMEA Coğrafiya İnstitutu, 827-ci otaq. Tel: 012 539 33 61, 050 590 43 88 (Eminov Zakir N). E-mail:  zakir_eminov@mail.ru.

 

Təşkilat komitəsi