Budaq müəllimin xatirəsi yad edildi Noy 02, 2016 | 04:11 / MÜHÜM HADİSƏLƏR

Görkəmli coğrafiyaşünas alim, uzun illər Coğrafiya İnstitutunun direktoru işləmiş akademik Budaq Budaqovun vəfatından 4 il keçir. Alimin əziz xatirəsini bir daha yad etmək üçün AMEA akad. H.Əliyev adına  Coğrafiya İnstitutunun kollektivi onun uyuduğu fəxri xiyabana gəlmiş, abidəsi önünə tər çiçəklər qoymuş, ruhuna dualar oxunmuşdur.

İnstitutun həmkarlar təşkilatının sədri Habil Haqverdiyev mərhumun  ruhu adından İnstitutun kollektivinə, onu yad etməyə gələn hər bir kəsə minnətdarlığını bildirdi və hər il doğum və ölüm günü qəbri üstə gələrək alimin xatirəsini yad etməyin artıq bir ənənə şəklini aldığını diqqətə çatdırdı. “Budaq müəllim həqiqətən buna layiq bir alim, bir şəxsiyyət idi. Coğrafiya elminin, Coğrafiya İnstitutunun əsaslarını qoyanlardan biri də Budaq müəllim olub. Bizim hər birimizin bir coğrafiyaçı alim kimi formalaşmasında onun böyük rolu olub. Ona görə də onu yad etmək, xatirəsini həmişə əziz tutmaq hər birimizin borcudur. Ruhu şad olsun, qəbri nurla dolsun!”