Ramiz Məmmədov "Dağlar arxasında" Okt 07, 2019 | 01:10 / MÜHÜM HADİSƏLƏR
Qubalı dostlarım Camal və İmamla
səyahətdən sonra bunları yazmaq
qərarına gəldim.
 

1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsini bitirdikdən sonra bir çox məzunlar kimi mən də Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna təyinat almaq istəyirdim. Ancaq, müəyyən obyektiv və subyektiv səbəblərdən mən bu məqsədə nail ola bilmədim. Qalırdı Azərbaycanın İnzibati rayonlarından birinə təyinat almaq və yaxud o zamanki, vətənim Gürcüstana qayıtmaq, doğulduğum Qaracalar kəndində müəllim işləmək. Kəndimizə qayıtmaq perspektivi məni qane etmirdi. Kəndə qayıtsam məni tez evləndirəcəkdilər, ailə qayğıları başlayacaqdı. O zaman Gürcüstanda iqtisadi vəziyyət nisbətən yaxşı idi, ali məktəbi qurtarmış mütəxssis  4-5 il ərazində torpaq ala bilırdı (Azərbaycana  nisbətən Gürcüstanda bu məsələ asan həll olunurdu), ev tikib, özünə maşın da alırdı, bir sözlə, gələcəyə təminat yarada bilirdi. Ancaq mənim başqa arzum var idi, ali məktəbə qəbul olub sonra namizədlik dissertasiyası yazıb, alimlik dərəcəsi adını almaq və Bakı şəhərindəki ali məktəblərin birində müəllim işləmək istəyirdim. Səbəbi kəndimizdən olan belə ali məktəb müəllimlərinin kənddə xüsusi hörmətə malik olması idi. 

Mən Bakı şəhərinə yaxın rayonlardan birinə təyinat almaq, Bakı ilə əlaqəni saxlamaq qərarına gəldim və bu baxımdan Quba rayonunu seçdim. Bu rayonu seçməkdə səbəb həm də Qubadan mənim yaxşı dostlarımın olması idi. Beləkilə təyinatla gəldim Quba rayonunun maarif şöbəsinə. Məni şöbənin Oktay adlı müfəttişi qəbul etdi, bir qədər söhbətdən sonra birdən soruşdu: sənin səndən böyük Rafiq adlı qardaşın varmı. Mən təəccüb qaldım, bu bunu haradan bildi, həqiqətən mənim böyük qardaşımın adl Rafiqdir. O mənim təccübləndiyim görüb dedi ki, mən Rafiqlə Pedaqoji İnstitutda bir oxumuşam, sənin fizionomiyan və danışığın onunuku ilə eynidir, özü də Gürcüstanslısan,  o da. Ona görə belə qərara gəldim ki, sən onun qardaşısan. İndi ki, belədir, nə kömək lazımdır mən sənə edəcəyəm və Quba şəhərinə yaxın İspik kəndindəki məktəbdə dərs hissə müdiri işləməyi təklif etdi. Mən etiraz etdim və rayonun ucqar kəndlərdən birinə getmək istədiyimi dedim. O isə mənə "ay cavan, sən başa düşürsənmi sənə təklif etdiyim işə görə mənə beş yüz manat verirlər, Rafiqin xətrinə xeyrimdən imtina edib sənə təklif edirəm". Mən inadımdan dönmədim, bir neçə gün hansı dağ kəndinə gedə biləcəyimi gözlədim. Bir gün maarif şöbəsinə yaxın kafelərdən birində nahar etdiyim zaman bir nəfər yaxınlaşıb özünü təqdim etdi, məktəb direktoru olduğunu və ona fizika-riyaziyyat müəlliminin lazım olduğunu dedi. O bəri başdan onun məktəbinin Quba şəhərindən 55 km aralı, dağların “kəlləsində” yerləşən, qışda yolu bağlanan, ancaq atla getmək mümükün olan Dərk kəndində olduğunu söylədi. Bu mənim axtardığım idi və ona görə mən ona razılıq verdim və sordum ki, o niyə məhz mənə yaxınlaşdı. Cavabında, mən səni bir neçə gündür izləyirəm, görürəm dözümlü və şən adama oxşayırsan, bizim yerdə ancaq səni kimi adam dözər, dedi.

Beləliklə, getdik həmin Oktay müfəttişin yanına, mənim Dərk kəndinə müəllim işləməyə getməyə razı olduğumu bildirdik. Bunu eşidən müfəttiş qəzəbləndi, sən bilirsən hara gedirsən, sən orada heç bir gün də yaşaya bilməzsən dedi. Ancaq mən inadımdan dönmədim, "elə ora getmək istəyirəm", dedim. O dövrlərdə yazıçı İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” romanını oxumuşdum və onun qəhramanlarına bənzəmək istəyirdim. Müasir gənclər isə ancaq tələm-tələsik varlanmaq istəyirlər.

Səhəri günü mənim təyinat əmrimi aldıq və Dərk kənd məktəbinin direktoru Oktay müəllimlə (onun da adı Oktay idi) avtobusa minib üç saat yol gedəndən sonra Yerfi kəndinə gəldik. Yerfidə Dərk, Talış və Yerfinin özünü birləşdirən sovetlik yerləşirdi. Avtobus ancaq bu kəndə qədər işləyirdi, biz bu gecə Yerfidə qalıb yolun qalanını sabah ya piyada, yada ki, atla getməli idik.

 

Səhəri ata minib, böyük dərələrdən, çaydan keçib gəldik Dərk kəndinə. Məni məktəblə, onun müəllim kollektivi ilə tanış etdilər. Məktəb birmərtəbəli köhnə tikintidən, 10-a qədər sinifdən ibarət idi. Gündüz natamam orta, yəni 8 illik, axşamlar isə fəhlə-gənclər məktəbi kimi (8-11-ci siniflər) fəaliyyət göstərirdi.  Sonradan mənim üçün kirayə ev tutduq (şəkilə bax). Dərk həqiqətən dağlar arxasında yerləşən, xarici aləmlə əlaqəsi olmayan bir kənd kimi görünürdü.

Məktəbdə mənim dərs yüküm hədsiz çox idi, 60 saata qədər. Üstəlik, axşam fəhlə-gənclər məktəbində dərs. Ancaq öhdəsindən gələ bilirdim, yəqin səbəbi cavanlıq-gənclik idi. Kənd əhalisinin dediyinə görə məktəbdə dönüş yaranmışdı, uşaqlar hətta evdə dərs hazırlayırdılar. Direktor xeyirxah adam idi, mən dərsə girəndə mənim üçün yüngül qəlyanaltı hazırlayırdı, onu yeyib növbəti dərsə girirdim. Bir gün rayon maarif şöbəsindən məktəbdə riyaziyatdan yoxlama aparmaq üçün zərf göndərmişdilər. Həmin xeyirxah direktor o zərfi ancaq səhər yoxlama başlayanda açdı. Yəqin məqsədi mənim biliyimi yoxlamaq imiş. O bilmirdi ki, Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini təzə qutarmış bir məzun üçün bu məsələni həll etmək tum çırtlamaq kimi asan işdir. Mənim məsələni çox asan və tezliklə həll etdiyimi görən direktor sevindi və mənə qonaqlıq söz verdi. Ümumiyyətlə, qonaqlıqlar çox olurdu.  Demək olar ki, hər axşam məni qonaq çağıran olurdu, istəmirdilər darıxım, qəribsəyim. Xüsusən çöl donuzunun əti bol olardı, yerli ovçular ovlayardılar, ancaq yerli camaat əsasən onu yemirdi. Hərdən dağ keçisini də ov edirdilər, ancaq bu, gizlicə gecə vaxtı olurdu.  Elə ilk gündən həm kollektivin və həm də kənd əhalisinin qayğı və diqqətini hiss etdim. Müəllimlərdən Muxtar, Mehdi, Lyuba, Tərlan və Oktay yadımda qalıb. Lyuba ilə Mehdi müəllim ər-arvad idilər, özlərinin də 11 uşağı var idi. Qeyd etmək lazımdır ki, qonşu Talış kəndinin uşaqları da Dərk kəndindəki orta məktəbdə təhsil alırdı. Ayda bir, bəzən iki dəfə Bakiya gəlməyə imkanım olardı.

Günlərin birində səhərə yaxın yuxuda Məmməd əmimin səsini eşitdim, elə bildim yuxu görürəm, o biri üzümə çevrilib yatmağa davam etdim. Ancaq, əmimin səsi yenidən və daha aydın gəldi: "Dur, nə yatırsan, bu qədər yolu  biz sənin dalınca gəlmişik". Bu artıq yuxu deyildi, gözümü açıb əmimi, Vilayət mama oğlunu və yeznəmiz Səyyad müəllimi yataq otağımda durduqlarını gördüm və əlbəttə hədsiz dərəcədə təccübləndim. Siz necə gəlib bura çıxmısınız, evdə bir hadisə olmayıb ki, deyərək sordum. Cavabında. "narahat olma, tez geyin", dedilər.

Demək, mən Dərk kəndində məskunlaşdıqdan sonra Gürcüstana, valideyinlərimə məktub yazıb buranın şəraiti və xarici aləmlə əlaqənin çətin olması haqda məlumat vermişdim.  Ailədə böyük qardaşım Rafiqə qısa müddətdə toy etmək istəyirlər və təbii ki mənim də toyda olmağımı zəruri sayırlar. Atam deyir ki, ona zəng etmək mümkün deyil, teleqram vursaq da məlum deyil, o, toya gəlib çata biləcək, ya yox. Qərar belə olur ki, yuxarıda adını çəkdiyim üç qohum minirlər Məmməd əmimin Volqa maşınına, düşürlər Qaracalardan Dərk kəndinə yola. Quba şəhərinə çatdıqdan sonra Dərk kəndinə necə getməyi sorduqda onlara deyirlər ki, siz bu maşınla ora qalxa bilməzsiniz. Volqanı saxlayın burada, UAZ və yaxud Villis markalı maşınlardan birini tutub gedin ora. Belə də edirlər, yuxarıda yazdığım kimi, ala-toran çatırlar Dərkə, qaldığım evi tapırlar, məni yuxudan oyadırlar.

Tələm-tələsik geyindim, düşdük yola. Dəvəçi rayonunun Yenikənd kəndində dayanmalı olduq. Səbəb həmin kəndin kənd soveti sədrinin bizim yeznə Səyyad müəllimin tələbə yoldaşı olması idi. Burada bizə yaxşı qonaqlıq verdilər, bir qədər dincəldikdən sonra yolumuzu davam etdik. Gəncə şəhərinə çatanda maşını yenə saxladılar və dedilər ki, biz səni bu halda kəndə apara bilmərik, saçların uzun, qaraçıya oxşayırsan, biabır olarıq. Saldılar bərbərxanaya, yuyundurdular və yolu davam etdik. Bir sözlə, məni toya çatdırdılar. Atam mənim yaşadığım yer haqqında soruşduqda Məmməd əmim dəhşətli bir təsvir verdi ki, (o özü də bir az hay-küyçü idi)  ora Sibir kimi bir yerdir, orada yaşamaq olmaz, dedi. Bunları eşidən atam mənə qadağa qoydu Dərkdə işləməyi və ona söz verdim ki, tezliklə oradan çıxacam.

Yuxarıda yazdığım kimi Qubada tanışlarım var idi, onların köməyi ilə rayon xəstəxanasının baş həkimindən bu rayonun havasının rütubətli olması və ona görə də mənə burada yaşamağın məsləhət olmaması haqda arayış aldım. Həmin bu əsasda Quba rayon Maarif Şöbəsi məni işdən azad etdi. Bununla da mənim Dərk "odisseyim" başa çatdı.

Gəldim Bakıya, iş axtarırdım, tələbə yoldaşlarımdan birinə rast gəldim. O mənə dedi ki, Coğrafiya İnstitutunda işləyir. Bu instutut BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində Xəzər dənizinin açıq hissəsində Moskvanın Okeanologiya İnstitutu ilə birgə Dəniz Observatoriyası yaratmışdır və ora ancaq texniki təmayüllü məzunları işə qəbul edirlər, aspiranturaya qəbul olub elmi tədqiqatla məşğul olmağa böyük imkanlar var. Bu şərtlər məni qane edirdi. Gəldim Coğrafiya İnstitutuna, o zaman direktor mərhum akademik Həsən Əliyev idi. Məni qəbul etdi, bir qədər söhbət və tövsiyədən sonra işə götürməyə razılıq verdi, necə deyərlər, ərizəmin üstünü yazdı. Bununla da mənim sonrakı bütün həyatım Coğrafiya institutu ilə bağlandı.

 

Akademik
Ramiz Məmmədov