CİS üzrə təlimlər başa çatdı Okt 18, 2019 | 02:10 / KONFRANSLAR

AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Coğrafiya İnstitutunda ödənişsiz keçən coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə yekun vurulub.

İki həftə davam edən təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli, bir günlük seminar-məşğələni isə Cenevrə Universitetinin CİS üzrə aparıcı mütəxəssisi Dr. Yaniss Guigoz aparıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov yekun tədbirində çıxış edərək treninqin uğurla başa çatmasına görə iştirakçıları təbrik edib, hər birinə uğurlar arzulayıb. Bu məşğələləri keçənilkindən fərqləndirən akademik iştirakçıların fəallığını və marağını, professor Ə.Rəsulinin işə böyük məsuliyyətlə yanaşdığını,  təlimləri yeni-yeni proqramlar üzərində qurduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, bu proqram təminatlarından istifadə etməklə ölkəmiz haqqında daha dəqiq, düzgün və dolğun məlumat əldə etmək, işğal altında olan torpaqlarımızı tətbiq etmək mümkün olduğundan gələcəkdə də CİS proqramlarının geniş auditoriyada və daha dərindən mənimsənilməsi üçün bütün imkanlardan istifadə edəcək.

Tədbirdə iştirak edən akademik Qərib Məmmədov CİS-in öyrənilməsinə və istifadəsinə həmişə böyük diqqət ayıran akademik R.Məmmədova treninqin təşkilinə görə təşəkkürünü bildirib, bu dərslərin böyük fayda verəcəyini diqqətə çatdırıb. Coğrafiya İnstitutunu özünə doğma məkan  hesab etdiyini deyən Q.Məmmədov Ramiz müəllimin İnstitutun ən yaxşı ənənələrini uğurla davam etdirərək rəhbərlik etdiyi qurumun yüksək nailiyyətlər əldə etməsi üçün əlindən gələni əsirgəmədiyini dilə gətirib.

Professor Əli Rəsuli çıxışında ilk əvvəl bir azərbaycanlı kimi bu ölkəyə borclu olduğundan ona xidmətdən məmnun olduğunu bildirib. Sonra o, akademik R.Məmmədovun belə treninqlərin təşkilinə geniş yer ayırdığına və bu sahədəki əməyinə görə minnətdarlıq edib. Professor  gələcək treninqlərdə peyk təsvirlərinin emalında Erdas Imagine proqram təminatı ilə yanaşı ENVI proqram təminatından istifadə qaydalarının öyrədilməsinə başlayacağını bildirib.

Təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edib.

Sonda təlim iştirakçılarına sertifikat təqdim edilib.