Mingəçevirdə təbii-təsərrüfat sistemlərinə dair konfrans keçirilib Noy 08, 2019 | 12:11 / KONFRANSLAR

  7-8 noyabr tarixlərində AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevir şəhərində  “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Şəhər İcra hakimiyyətinin nümayəndəsi Sahil Babayev konfrans iştirakçılarını salamladıqdan sonra Mingəçevir şəhərinin statusu,  onun iqtisadi inkişafı, sənaye obyektləri, əhalisi və s. haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.

Coğrafiya İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədov giriş sözü ilə çıxış edərək bildirib ki, Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Akademik regionların torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunmasının, təbii-landşaft potensialının mühafizəsi, biomüxtəlifliyin saxlanılması və s. kimi amillərin qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Sonra R.Məmmədov plenar iclasda “İqlim dəyişmələrinin arid ərazilərin təbii-təsərrüfat sistemlərinə təsiri” mövzusunda geniş təqdimatla çıxış edib.  Alim məruzəsində iqlim dəyişmələrinin nəzəri əsaslarını verərək ölkədə aparılan iqlim tədqiqatları, müşahidə olunan iqlim parametrləri, iqlim dəyişmələrinin kənd təsərrüfatına, su ehtiyatlarına, Xəzər dənizi səviyyəsinə, insan sağlamlığına təsirləri və sairdən danışıb.

Saysız diaqram və cədvəllərin, şəkil və xəritələrin  köməyi ilə  geniş və hərtərəfli araşdırma aparan alim 1991-2004 və 2005-2016-cı illər üçün orta aylıq temperatur anomaliyalarını, ən isti və ən soyuq aylarda temperaturun paylanmasını, müşahidə olunan maksimal və minimal temperaturların günlər üzrə sayını, ərazilər üzrə küləyin, yağıntıların paylanmasının parametrlərini, isti və soyuq hava dalğalarının davamiyyətini, sayını və s. araşdırıb.

Akademik diqqətə çatdırıb ki, iqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə bitki örtüyü azalacaq, şoranlaşmış ərazilərin sahəsi  və  səhralaşma prosesi artacaq,  su qıtlığı yaranacaq, yağıntılar azaldığından çayların suyu azalacaq, Xəzərdə buxarlanma artacaq, Kür-Araz ovalığında quraqlığın  50-60 gündən çox olması ehtimalı yaranacaq  və s.

Coğrafiya üzrə elmlər doktoru Zakir Eminov “Azərbaycanda əhalinin həyat keyfiyyəti və onun demoqrafiq inkişafa təsiri” mövsusu ilə çıxış edib. Tədqiqatçı  Azərbaycanda  ümumi, şəhər və kənd  əhalisinin min nəfərə görə və onun   iqtisadi rayonlar üzrə say artımını göstərib,  bu rayonların  urbanizasiya səviyyəsini,  hər 1000 nəfərə görə əhalinin doğum, ölüm və təbii artım, nəsilvermə,  uşaq və ana ölümü  əmsallarını dəqiqləşdirib. Z.Eminovun sözlərinə görə, ölkədə hər il sağ doğulan 1000 uşağa görə ölüm əmsalının ən yüksək səviyyəsi 10 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici ümumən 11.1, şəhər əhalisi arasında 18.7, Bakıda   16.0 olmuş, həmin ildə 1 yaşa qədər ölən uşaqların sayı ölkədə 1700-ə çatmış, onlardan 1363-ü şəhər əhalisi arasında, o cümlədən 499-u Bakı şəhərində qeydə alınmışdır.

Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov coğrafiya üzrə fəlsəfə doktorları Elina Kərimova və İrina Kuçinskaya ilə həmmüəllif olduğu  ”Arid və semiarid ərazilərin landşaft-ekoloji vəziyyəti və optimallaşdırılmasının əsas prinsipləri” adlı  geniş məruzəsində  kosmik şəkillər, topoqrafiq xəritə və çöl tədqiqat materialları əsasında tədqiqat apardıqları ərazinin coğrafi informasiya bazasını yaratdıqlarını  və geniş təhlillər apardıqlarını diqqətə çatdırıb.

Plenar iclasda həmçinin coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyevin “Azərbaycanın arid-landşaft ehtiyatları  və istifadə problemləri”,  Zaur İmraninin “Davamlı  turizm  təsərrüfatı”, Zərnurə Həmidovanın “Məsafədən zondlama materialları əsasında sel təhlükəli sahələrin aşkarlanma metodikası”, Gəncə Universitetinin müəllimi c.ü.f.d. Nəsibə Hacıyevanın “Abşeron yarımadasında yerləşən şəhərlərin iqlim xüsusiyyətləri...” adlı məruzələri dinlənilib.

Sonra coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyeva, coğrafiya üzrə fəlsəfə doktorları Ənvər Əliyev, Zabit Allahverdiyev, Qalib Rüstəmov, Mətləb Rəhimov, Etibar Bədəlov, Xudu Məmmədov, Arifə Əhmədli, elmi işçilər – Gülsarə İmanova, Tural Bayramov və Solmaz Rzayeva “Fiziki coğrafiyanın müasir problemləri, təbii ehtiyatlardan istifadə və ekoloji tarazlığın qorunması” və “İqtisadi coğrafiyanın müasir problemləri, təsərrüfatın və əhalinin ərazi təşkili” bölmələri üzrə keçirilən iclaslarda məruzələrlə çıxış ediblər. Coğrafiyaçı tədqiqatçılar regionların təbii ehtiyat potensialından istifadə problemləri, landşaftlardan istifadənin vəziyyəti və perspektivləri, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, torpaq-bitki örtüyünün mühafizəsi, sosial-iqtisadi və demoqrafik inkişaf, torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri və həlli yolları, həyat səviyyəsinin insan sağlamlığına təsiri və s. kimi məsələləri müzakirə ediblər.

Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, təbii-coğrafi şəraitin potensialından istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi  konfransın  prioritet məsələlərindən olub.

Konfransın sonunda  geniş müzakirələrdən sonra qərar layihəsini təsdiq edən sənəd qəbul edilib.

 

2019-cu il 7-8 noyabr tarixlərində   Mingəçevir şəhərində AMEA Coğrafiya İnstitutunun Azərbaycan Coğrafiya Cəmiyyəti ilə birlikdə keçirdiyi “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransın

 QƏRARI

 Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatların əsas hissəsi regionların inkişafına yönəldilmişdir. Onların həyata keçirilməsi prosesində mövcud təsərrüfat obyektlərinin fəaliyyətinin bərpa edilməsi ilə yanaşı, təbii şərait və təbii ehtiyat potensialından istifadə etməklə yeni istehsal və xidmət müəssisələri yaradılır, sosial-mədəni obyektlər və nəqliyyat-kommunikasiya şəbəkəsi müasir tələblər səviyyəsində yenidən qurulur.

Regionların təbii-landşaft potensialının mühafizəsi, torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunması, sahəsi davamlı olaraq genişləndirilən Milli parkların potensialından istifadə edilməsi vacib vəzifələr kimi qarşıda durur. Onlardan turizm təsərrüfatının inkişafında da rolu böyükdür.

 Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətlərdə məsələlərin müzakirə edilməsi məqsədilə 2019-ci il 7-8 noyabrda Mingəçevir şəhərində Azərbaycan Coğrafiya CəmiyyətininAzərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransın işində həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin,  Gəncə  Dövlət Universitetinin və digər elmi təşkilatların  alim və ekspertləri iştirak etmişlər.  

Konfransda qeyd edilmişdir ki, regionların inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafında, demoqrafik potensialının gücləndirilməsində onların rolunun artırılması, Azərbaycanın arid ərazilərində ətraf mühitin öyrənilməsi, onun tarazlığının qorunması, torpaqlardan səmərəli istifadə edilməsi yollarının müəyyən edilməsi sahələrində böyük işlər görülmüşdür. Ölkədə əhalinin ərzaq məhsulları ilə davamlı təminatı, sənaye müəssisələrinin xammal ilə təmin edilməsi üçün kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə edilməsi vacib vəzifə kimi qarşıda durur. Bu vəzifələri həll etmək üçün kompleks işlər görülməsi, iqtisadi islahatların davam etdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və miqrasiyaların qarşısının alınması istiqamətində tədqiqatlar aparılması xüsusi əhəmiyyət kəsb edir.

Konfransda müzakirə edilən məsələlər arasında Aran iqtisadi rayonunda əhalinin məskunlaşması, təsərrüfatın inkişafının müasir vəziyyəti, torpaqlardan istifadə edilməsi sahəsində olan problemlər geniş yer tutur və iqtisadi rayon ölkənin təsərrüfat strukturunda əhəmiyyətli rola malikdir. 

Konfrans iştirakçıları bu istiqamətdə problemləri müzakirə etdikdən sonra aşağıdakı qərarı qəbul etmişlər:

 - Kür-Araz ovalığında ekosistemlərin qorunması, torpaqlardan səmərəli istifadə edilməsi, Şirvan və Ağgöl Milli parkları, digər meşə sahələrinin turizm-rekreasiya imkanlarından istifadə edilməsi istiqamətlərində tədbirlər görülməsi zəruridir. Bu sahədə yerli, eləcə də respublika miqyasında yeni infrastruktur sahələrinin müasir tələblər səviyyəsində qurulması tələb olunur.

- Aran iqtisadi rayonu ölkənin mühüm heyvandarlıq, pambıq, quru subtropik və dənli bitkilər becərilən zonası olmaqla yanaşı, həm də böyük turizm-rekreasiya potensialına malik regionlarından biridir. Turizmin kütləvi xarakter alması üçün qiymətlərin əhalinin gəlirlərinə uyğunlaşdırılması, göstərilən xidmətlərin genişləndirilməsi, turizm mərkəzlərinin ilboyu fəaliyyətinin təminatı sahəsində işlərin aparılması tələb olunur. Bu tədbirlər regionun inkişafı ilə yanaşı, əhalinin bu sahələrdə məşğulluğunun yüksəldilməsinə imkan verər. 

 - Regionların, xüsusilə də Kür çayı boyu kənd yaşayış məntəqələrinin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi üçün yeni iş yerlərinin açılması, əhaliyə göstərilən sosial-mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruridir. Bu tədbirlər mövcud demoqrafik potensialın yerlərdə saxlanılmasına imkan verər.

             - Əmək ehtiyatlarının daimi məşğulluğunun artırılması üçün regionun təsərrüfat strukturunda əhəmiyyətli yer tutan kənd təsərrüfatının ixtisaslaşma sahələrinin inkişaf etdirilməsi vacibdir. Şəhər və qəsəbələrdə emal müəssisələrinin yaradılması iqtisadi bazanın möhkəmlənməsinə gətirib çıxarar. Belə vəziyyət regiondan əhalinin Abşerona və Bakıya axmasının azalmasına imkan verər, ölkənin istehsal potensialı xeyli artar.  

          -  Mingəçevir şəhərinin təkcə regional mərkəz kimi deyil, həm də respublika miqyasında məskunlaşma sisteminin nizamlanmasında əhəmiyyətinin artırılması üçün iqtisadi və sosial bazanın inkişafı zəruridir. Şəhərin sosial-mədəni xidmətlər göstərilməsi sahəsində rolunun da artırılması tələb olunur.

Konfrans iştirakçıları AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna və onun rəhbərliyinə elmi tədbirin yüksək səviyyədə təşkilinə, keçirilməsinə  və optimal iş şəraitinin təmin edilməsinə görə dərin minnətdarlığını bildirir.