Coğrafiya İnstitutunun illik hesabatı dinlənilib Dek 24, 2019 | 08:12 / MÜHÜM HADİSƏLƏR

AMEA Yer Elmləri Bölməsinin dekabrın 24-də keçirilən iclasında akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair illik hesabatı dinlənilib.

Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclasın gündəliyi barədə iştirakçıları məlumatlandırdıqdan sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair illik hesabatı dinlənilib. Akademik bildirib ki, cari ildə Coğrafiya İnstitutunda "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" və AMEA Rəyasət Heyətinin müvafiq elmi-tədqiqat proqramları çərçivəsində araşdırmalar aparılıb.

O, tədqiqat işlərinin ekosistemlərdə təbii-antropogen təsirlər nəticəsində baş verən dinamik dəyişikliklər və onların proqnozlaşdırılması problemlərinə, geomorfosistemlər və onların təbii ehtiyat potensialının tədqiqinə, su ehtiyatlarının müasir vəziyyətinə və dağ çaylarının sülb axımının araşdırılmasına həsr olunduğunu bildirib. Bundan əlavə, müəssisədə Xəzər dənizinin ekosisteminin kompleks tədqiqi, iqlim dəyişmələri və səhralaşmada iqlim amilinin rolu, düzən torpaq-bitki örtüyünün antropogen deqradasiyası və bərpası, regionların iqtisadi-coğrafi və demoqrafik problemləri istiqamətində tədqiqatların aparıldığını söyləyib. İnstitut direktoru tədqiqatlar nəticəsində ölkə ərazisində arid və semiarid zonaların iqlim sərhədlərinin müəyyənləşdirildiyini və müvafiq cədvəl və xəritənin tərtib edildiyini diqqətə çatdırıb. Eyni zamanda, Böyük Qafqazın ən çox sel təhlükəli çaylarının hövzələrində sel ocaqları ərazilərinin kəmiyyət göstəricilərinin müəyyənləşdirildiyini vurğulayıb.

Plandan əlavə görülən işlər barədə məlumat verən məruzəçi İnstitutda AMEA-nın elmi tədqiqat institutlarının əməkdaşlarından başqa BDU, APDU və bəzi nazirliklərin mütəxəssislərinin də iştirak etdikləri İKT üzrə iki həftəlik iki treninqin keçirilməsini, Caspıan Integrated Scıentıfıc Network (Caspısnet) Xəzər dənizinin inteqrasiya olunmuş elmi şəbəkəsinin yaradılmasını diqqətə çatdırıb.

 AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramlarının icra vəziyyəti haqqında danışan direktor “Türk Dünyasının coğrafiyası və etnosu” üçcildliyinin birinci cildinin çapdan çıxdığını, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi istiqamətində əldə edilən nailiyyətləri önə çəkib.

Qeyd edilib ki, 2019-cu ildə İnstitut əməkdaşları tərəfindən 1 jurnal, 1 kitab, 9 monoqrafiya, 3 dərs vəsaiti, 2 dərslik, 4 metodiki vəsait, 3 fənn proqramı, 2 atlas nəşr olunub. Çap edilmiş 152 məqalədən 7-i Web of Science elmi bazalarında indeksləşən jurnallarda dərc olunmuşdur.

Məruzəçi, həmçinin cari ildə Coğrafiya İnstitutunun beynəlxalq əlaqələri və qrant layihələri, elmi kadrların hazırlanması istiqamətində görülən işlər və s. barədə iştirakçılara məlumat verib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, BDU-nun kafedra müdiri, c.e.d., professor Tapdıq Həsənov, Hidrometeorologiya  Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, BDU-nun Coğrafi ekologiya kafedrasının müdiri, c.e.d., professor Şövqi Göyçaylı, Bakı Dövlət Universitetinin professoru Zahid Məmmədov çıxışlarında Coğrafiya İnstitutunun 2019-cu il üçün fəaliyyətini müsbət qitmətləndiriblər.

 Səsvermə nəticəsində hesabat yekdilliklə qəbul edilib.