AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti seminarında İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə İran İslam Respublikasının ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetindəki görüş haqqında məlumat verib.
Məruzəçi əvvəlcə Təbrizin bugünkü sosial-iqtisadi-siyasi durumu, coğrafi mövqeyi, demoqrafiyası, turizmi və s., sonra isə Təbriz Universitetinin İranın təhsil sistemindəki rolu, fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Universitetin elmi və beynəlxalq əlaqələr üzrə direktoru, professor Dr. Səid Şocai və Coğrafiya və şəhərsalma departamentinin professoru, Dr. İrəc Teymuri ilə görüşündən danışan X.Rzazadə Dr. Səid Şocainin Təbriz Universitetinin tarixi, tədqiqat sahələri, qazandığı nailiyyətləri haqqında tanışlıq veridiyini diqqətə çatdırıb. Bildirilib ki, sahəsi 5.8 kv.km. olan Universitet şəhərciyi 21 fakültənin yerləşdiyi 21 binadan ibarətdir. 10-dan artıq tədqiqat mərkəzi, 24 min tələbəsi, 800 müəllim heyəti, 800 000 adda nəşr olunmuş kitabları və 21 jurnalı var. Şəhərcikdəki yataqxanalar, yeməkxanalar, çörək bazarı, kitab yarmarkası, quru təmizləmə, foto qalereya, 24 saat açıq olan yaxşı təchiz olunmuş idman kompleksi, kinoteatr, poliklinika, məsləhət mərkəzləri, sağlamlıq mərkəzi, aptek, həmçinin mədəniyyət mərkəzləri burada təhsil alan tələbələrin ixtiyarındadır, onlar üçün hər cür şərait yaradılmışdır.
X.Rzazadə qarşılıqlı olaraq, təbrizlilərə Coğrafiya İnstitunun tarixi və müasir vəziyyəti, uğurları haqqında məlumat verdiyini və və hər iki müəssisə arasında sıx elmi əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yarandığını diqqətə çatdırıb.