Təbriz Universiteti ilə əməkdaşlığa zəmin yaradılıb Yan 22, 2020 | 11:01 / ELMİ İCLASLAR

 AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun növbəti seminarında İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri  Xanım Rzazadə  İran İslam Respublikasının  ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz  Universitetindəki görüş  haqqında məlumat verib.

Məruzəçi əvvəlcə Təbrizin bugünkü sosial-iqtisadi-siyasi durumu, coğrafi  mövqeyi, demoqrafiyası, turizmi və s., sonra isə Təbriz Universitetinin İranın təhsil sistemindəki rolu, fəaliyyəti haqqında təqdimatla çıxış edib. 

Universitetin elmi və beynəlxalq əlaqələr üzrə direktoru, professor Dr. Səid Şocai və Coğrafiya və şəhərsalma departamentinin professoru, Dr. İrəc Teymuri ilə görüşündən danışan X.Rzazadə  Dr. Səid Şocainin Təbriz Universitetinin  tarixi, tədqiqat sahələri, qazandığı nailiyyətləri haqqında tanışlıq veridiyini diqqətə çatdırıb. Bildirilib ki, sahəsi 5.8 kv.km. olan  Universitet şəhərciyi 21 fakültənin yerləşdiyi 21 binadan ibarətdir. 10-dan artıq tədqiqat mərkəzi, 24 min tələbəsi, 800 müəllim heyəti, 800 000 adda nəşr olunmuş kitabları və 21  jurnalı var. Şəhərcikdəki yataqxanalar, yeməkxanalar, çörək bazarı, kitab yarmarkası, quru təmizləmə, foto qalereya, 24 saat açıq olan yaxşı təchiz olunmuş idman kompleksi, kinoteatr, poliklinika, məsləhət mərkəzləri, sağlamlıq mərkəzi, aptek, həmçinin mədəniyyət mərkəzləri burada təhsil alan tələbələrin ixtiyarındadır, onlar üçün hər cür şərait yaradılmışdır.

X.Rzazadə qarşılıqlı olaraq, təbrizlilərə Coğrafiya İnstitunun tarixi və müasir vəziyyəti, uğurları haqqında məlumat verdiyini və və hər iki müəssisə arasında sıx elmi əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yarandığını diqqətə çatdırıb.