Ekoloji risklər xəritəsi nazirlik nümayəndələri ilə müzakirə olunub Fev 13, 2020 | 06:02 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fevralın 12-də AMEA-da Akademiya əməkdaşlarının  İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşündə alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etmək, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etmək məqsədilə alim və mütəxəssislərin dövlət nümayəndələri ilə görüşlərinin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd edib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev başda olmaqla nazirliyinin bir qrup məsul işçisi fevralın 13-də AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda olublar.  Məqsəd İnstitut əməkdaşları tərəfindən tərtib edilmiş Azərbaycanın ekoloji risklər xəritəsi ilə yaxından tanış olmaq və bu istiqamətdə müzakirə və qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov  məlumat verərək bildirib ki, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov ilə birgə tərtib etdikləri xəritə Coğrafiya İnstitutu əməkdaşlarının son illərdəki zəhmətinin nəticəsidir. Onun tərtibində şəxsi müşahidələrlə yanaşı, İnstitutun indiyədək hazırladığı mövcud xəritələrdən geniş istifadə olunub. İnsan fəaliyyəti inkişaf etdikcə - yeni texnologiyalar yarandıqca, texnogen hadisələr artdıqca risklərin də sayı artır. Ona görə xəritədə də daim dəyişikliklər edilməlidir.

Sonra Mirnuh İsmayılov təqdimatla çıxış edərək problemin aktuallığını təyin edən səbəblər, insan həyatı üçün təhlükə törədən texnogen amillər,  təbii fəlakətlərin yayılmasının qanunauyğunluqları, Azərbaycanda ekoloji risklərin qiymətləndirilməsi və xəritələşdirilməsi haqqında məlumat verib.

Nazir müavini Azərbaycanın ekoloji risklər xəritəsinin hazırlamasında Coğrafiya İnstitutu alimlərinin əməyini yüksək qiymətləndirib və hər iki müəssisənin əlində olan materialları birləşdirərək  ölkə üçün strateji əhəmiyyət kəsb edən iri miqyaslı uyğun  xəritələrin hazırlanmasında birgə əməkdaşlığın daha yüksək səmərə verəcəyini qeyd edib.