AMEA Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi seminarının iclasında Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dos. İsmayıl Quliyev "Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları" mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması və əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə terraslarda ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, ətraf torpaq sahələrinin mütəhərrik qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, torpaqların neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və s. kimi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoymuşdur.
Ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirmiş, cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma, texnogen deqradasiya və antropogen amillərə görə torpaq deqradasiyasının qiymətləndilməsi işini aparmışdır. Məlum olmuşdur ki, 250,5 ha-nın (ümumi ərazinin 61,4 %-i) şiddətli və çox şiddətli, 129,6 ha-nın (ümumi ərazinin 31,3 %-i) mülayim, 20,911 ha-nın isə (ümumi ərazinin 4,8 %-i) zəif deqradasiya olmaqla, ümumiyyətlə, torpaq örtüyünün ümumi ərazisinin 97,5 %-i müxtəlif dərəcədə deqradasiyaya məruz qalmışdır.
Tədqiqatçı torpaq deqradasiyasına qarşı hazırladığı kompleks tədbirlər planını iclas iştirakçılarına təqdim edib.