Elmi şuranın iclası AMEA-nın 75-illik yubileyinə həsr edilib Fev 28, 2020 | 03:02 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Milli Elmlər Akademiyasının 75-illik yubileyinə həsr edilmiş elmi-praktiki seminar keçirilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, AMEA-nın 75 illik yubileyinə hazırlıq üzrə Coğrafiya İnstitutunun  tədbirlər planı  hazırlanmışdır. Plana əsasən İnstitutun ictimai təşkilatlarının son 5 ildəki fəaliyyəti haqqında hesabatları,  ən mühüm  nəticələr əldə etmiş şöbələrin elmi-tədqiqat işlərinə  həsr olunmuş elmi-praktik seminarların keçirilməsi və  İnstitutun ACC ilə birgə buraxdığı  “Coğrafiya və təbii resurslar” elmi-populyar  jurnalının növbəti buraxılışını AMEA-nın 75 illik yubileyinə həsr etmək  nəzərdə tutulub.

Direktor qeyd edib ki, ümumiyyətlə, İnstitutun son 5 ildəki fəaliyyətini çox uğurlu hesab etmək olar. Çünki bu hesabat dövründə Coğrafiya İnstitutu bir sıra uğurlu  işlərə imza atıb. “Azərbaycan Respublikasının coğrafiyası” fundamental üçcildlik monoqrafiyası, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi və “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildi çapdan çıxıb.  İnstitut əməkdaşlarının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, alimlərimiz Azərbaycan Respublikasının Dövlət Mükafatına, İnstitut rəhbəri isə həm də Şöhrət Ordeninə  layiq görülmüşdür. Görülən dəyərli işlərdən biri də  Xəzər Elmi Şəbəkəsinin yaradılmasıdır ki, burada Xəzər dənizi üzrə yüksək ixtisaslı beynəlxalq mütəxəssislər  bir araya gəlmiş, alimlərimiz tərəfindən dənizin kompleks tədqiqi üzrə proqram işlənib hazırlanmışdır. İqlim dəyişmələri, onların insana və ətraf  mühitə təsiri, landşaft planlaşdırılması, dövlət əhəmiyyətli  rəqəmsal xəritələrin hazırlanması və s.  sahələrdə də coğrafiyaçılarımız böyük nailiyyətlər əldə etmişlər. 

Akademik həmçinin İnstitutun kütləvi informasiya vasitələri ilə əlaqəsini də yüksək qiymətləndirib,  alim və mütəxəssislərin mütəmadi olaraq KİV-lərdə, xüsusən müxtəlif  televiziya kanallarında  çıxışlarının, və institutda olan  görüşlərinin,  həyatın müxtəlif sahələrini əhatə edən coğrafi mövzularda onların  sərbəst çıxış və müsahibələrinin artıq adət  halını  aldığını müsbət dəyərləndirib. R.Məmmədov daha bir ənənəyə çevrilmiş səyyar konfrans və görüşlərin keçirilməsi məsələsinə toxunaraq elmi toplantıların məhz Azərbaycanın müxtəlif bölgələrində baş tutmasını da müsbət hal kimi qeyd edib.

Sonra İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d.  Habil Haqverdiyev, Qadınlar Şurasının sədri Luiza Salayeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova rəhbəri olduqları təşkilatların son 5 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış ediblər.

 Sonda İnstitutun  Mülki Müdafiə Qərargahının sədri Namazəli Mustafayev 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə uyğun videoçarx  nümayiş etdirərək məruzə ilə çıxış edib. O, həmçinin, iştirakçılara fövqəladə hallar    zamanı davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dair məlumatlar verib.