Olimpiadaya (igeo) hazırlıq layihəsinin bağlanış tədbiri keçirilib Fev 24, 2020 | 03:02 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) və Coğrafiya İnstitutunun dəstəyi ilə Təhsildə İnkişaf  və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (iGeo) hazırlığı” layihəsinin bağlanış tədbiri baş tutub.

Tədbirdə ali və orta  məktəblərin coğrafiyaçı alim və müəllimləri, rəhbər işçiləri iştirak ediblər.

ACC-nin prezidenti və Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov coğrafiyanın əhəmiyyətindən, Azərbaycanın coğrafi  mövqeyindən, coğrafiya fənninin tədrisindən, coğrafi informasiyanın rolundan, ölkə rəhbərliyinin coğrafiya elminə və coğrafiyaçılara verdiyi dəyərdən, coğrafi biliklər olmadan bir çox problemləri həll etməyin mümkünsüzlüyündən danışıb. Akademik Coğrafiya Cəmiyyətinin Beynəlxalq coğrafiya olimpiadasına gedəcək şagirdlərin hazırlığına dəstək olduğunu diqqətə çatdırıb.

Layihə rəhbəri Yaşar Seyidəliyev beynəlxalq coğrafiya olimpiadası (iGeo) barədə  məlumat verərək bildirib ki, Beynəlxalq coğrafiya olimpiadası 1996-cı ildən Beynəlxalq Coğrafiya Birliyinin (IGU) tərkibində fəaliyyət göstərir. Bu il keçiriləçək 17-ci iGeo Türkiyənin İstanbul şəhərində baş tutacaq. Azərbaycan coğrafiyaçılarının 2015-ci ildən iGeo ilə əməkdaşlıq etdiyini diqqətə çatdıran Y.Seyidəliyev komandanın  bu ilki yarışlara yaxşı hazırlaşdığını xüsusi qeyd edib.

BDU-nun coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova,  Bakı Şəhər Təhsil İdarəsinin məsləhətçisi Səkinə Ağalarova, BDU-nun coğrafiya müəllimi, c.ü.f.d. Nərminə Seyfullayeva çıxışlarında Beynəlxalq coğrafiya olimpiadasına  hazırlaşan şagirdlərə hər cür  dəstək olacaqlarını  bildiriblər, onlara beynəlxalq elm yarışında  uğurlar və qalibiyyət arzu ediblər.

layihəyə ikinci ev sahibliyi edən Fortis Group MMC-nin həyata keçirdiyi “Fortis Academy” layihəsinin  direktoru Ramil Hacıyev təqdimatla çıxış edərək Layihə haqqında iştirakçılara geniş məlumat verib.

Tədbir sonunda layihə müddətində keçirilmiş 3 imtahanın nəticələrinə görə qalib və iştirakçı  şagirdlərə, eləcə də layihəyə dəstək verənlərə sertifikatlar verilib.