AMEA Rəyasət Heyətinin iclasında mühüm məsələlər müzakirə olunub Mart 04, 2020 | 09:03 / MÜHÜM HADİSƏLƏR

Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə yer alan ilk məsələ, beş cilddə nəşr edilməsi nəzərdə tutulan “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı barədə məlumat verib. Kitabın ideyası, məzmunu, redaksiya və müəlliflər heyəti ilə bağlı geniş müzakirələr aparıldıqdan sonra, Rəyasət Heyətinin qərarı ilə nəzərdə tutulan çoxcildliyin baş redaktoru akademik Ramiz Mehdiyev olmaqla, 10 nəfərdən ibarət müəlliflər heyəti təsdiqlənib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın 75 illik yubileyi ilə bağlı Tədbirlər planı haqqında olub. Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları, o cümlədən Rəyasət Heyəti aparatının idarə və şöbələri tərəfindən təqdim edilən təkliflər əsasında Tədbirlər planı hazırlanıb. Tədbirlər planı və onun icrasından irəli gələn məsələlər müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

Akademiyanın akademik-katibi Əminağa Sadıqov “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı Tədbirlər planı barədə də danışaraq, proqramın əsas məqsədlərindən söz açıb. Bildirib ki, proqram mövcud elmi-texniki potensialın qorunması, inkişaf etdirilməsi, elmin təşkili və idarə edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi məqsədlərini daşıyır. Elmlə təhsilin inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də proqram çərçivəsində nəzərdə tutulan tədbirlər sırasındadır.

Tədbirdə AMEA Rəyasət Heyətinin 28 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş inkişaf proqramının icrasına dair Tədbirlər planı müzakirələrdən sonra təsdiqlənib.

İclasın gündəliyində duran növbəti məsələlər yubileylərlə əlaqədar olub. Belə ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80, Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150, akademik Adil Qəribov və AMEA-nın  müxbir  üzvü  Əbülfəz Quliyevin 70, həmçinin SSRİ EA-nın müxbir üzvü Əli Əmiraslanovun 120 illik yubileylərinin keçirilməsi qərara alınıb.

Sonra AMEA-nın müxbir üzvü Ə.Sadıqov “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrində qoyulmuş vəzifələrin həyata keçirilməsi üzrə AMEA-nın 2019-2020-ci illərə dair Tədbirlər Planı”nın icrasından bəhs edib, Tədbirlər planının 2019-cu ildə icra vəziyyəti barədə məlumat verib. Məlumatlar Rəyasət Heyəti tərəfindən nəzərə alınaraq, AMEA-nın elmi müəssisələrinin bu istiqamətdəki fəaliyyəti dəyərləndirilib, müvafiq qərar qəbul edilib.

Digər məsələ, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının tərkibi ilə bağlı olub. AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev bölmənin Ümumi yığıncağında seçilmiş 13 nəfərdən ibarət yeni tərkib haqqında məlumat verib. Məsələ müzakirə olunduqdan sonra tərkib təsdiq edilib.

Gündəlikdə yer alan növbəti elmi-təşkilati məsələ, Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova danışıb, məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Daha sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfrans barədə məlumat verib. O, son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən, AMEA-da intellektual gəncliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Akademik-katib bildirib ki, sözügedən konfrans intellektual gəncliyin öz elmi nəticələrini ictimaiyyətə təqdim etməsi, onların beynəlxalq elmi əməkdaşlıq proseslərində yaxından iştirakı baxımından xüsusi əhəmiyyətə malikdir.

Digər qərar doktorant və dissertantların AMEA-nın elmi müəssisələrinə köçürülməsi haqqında olub. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantının fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini davam etdirmələri üçün AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasına köçürülməsi ilə bağlı qərar qəbul olunub.

İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.

Sonda kadr məsələlərinə baxılıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

http://science.gov.az/news/open/12391