Azərbaycan elminin bayraqdarı: irəliləyən və inkişaf edən Milli Elmlər Akademiyası - 75 Mart 27, 2020 | 10:03 / MÜHÜM HADİSƏLƏR

Çoxəsrlik dövlətçilik ənənəsinə malik olan xalqımız bu gün müstəqil Azərbaycan Respublikası ilə tarixinin ən güclü dönəmini yaşamaqdadır. Prezident İlham Əliyevin müdrik, peşəkar və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regional lider dövlətdən dünyəvi güc mərkəzlərinin birinə çevrilib. Öz fəaliyyətində milli və dövlətçilik maraqlarını hər zaman və hər şeydən üstün tutan ölkə Prezidentinin rəhbərliyi ilə respublika həyatının bütün sferalarında dinamik, dayanıqlı və nümunəvi inkişaf yaşanmaqdadır. Dövlət başçısının məxsusi diqqət göstərdiyi, şəxsi nəzarətdə saxladığı sahələrdən birini də ölkəmizin elmi potensialı, onun inkişafı təşkil edir. Bu potensialı qoruyub saxlamaq, inkişaf etdirmək, dünya elminə daha sürətli inteqrasiyasını təmin etmək istiqamətində qəti və məhsuldar addımlar atılır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan az sayda dövlətin sahib olduğu kosmik təsisata malikdir və bu istiqamətdə işlər hər il daha da gücləndirilir, ölkənin ümumi inkişafına töhfə verir. Prezident İlham Əliyev elmi ictimaiyyətin nümayəndələri ilə görüşlərində dəfələrlə vurğulayıb ki, müasir dövrdə hər bir dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Bu səbəbdən ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun “Azərbaycan elminin bayraqdarı: irəliləyən və inkişaf edən Azərbaycan Milli Elmlər Akademiyası – 75” məqaləsində yer alıb.

Bildirilib ki, dövlətimizin başçısı gərgin və məhsuldar ictimai-siyasi fəaliyyətində hər zaman AMEA-ya xüsusi münasibət göstərib. Prezident İlham Əliyevin Azərbaycanda Elm Gününün məhz AMEA-nın yarandığı gündə - martın 27-də qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam bu elm məbədgahına münasibətin bariz nümunəsidir. Ölkə rəhbəri mütəmadi olaraq akademiya əməkdaşlarının sosial rifahının, iş şəraitinin daha da yaxşılaşdırılması, AMEA-nın elmi müəssisələrinin maddi–texniki bazasının dünya standartlarının tələblərinə cavab verməsi istiqamətində müvafiq sərəncamlar imzalayır, göstəriş və tapşırıqlar verir. Dövlət başçısının AMEA-nın illik hesabat iclaslarında şəxsən iştirakı, burada səsləndirilən fikirlərə akademik səviyyədə münasibət bildirməsi, akademiyanın fəaliyyət və inkişaf perspektivləri istiqamətində tələb və təkliflər irəli sürməsi isə dünya praktikasında çox az rast gəlinən hadisədir. Son dövrlər Prezident İlham Əliyevin AMEA ilə bağlı həyata keçirdiyi tədbirlərdən biri də akademiyanın nəzdində Yüksək Texnologiyalar Parkının yaradılması oldu. Bu Parkın təsis edilməsi Azərbaycan elminin innovativ inkişaf imkanlarının daha da genişləndirilməsi, dünya elminə inteqrasiya istiqamətində böyük əhəmiyyət kəsb edir. Bu gün burada tətbiqi tədqiqatlar üçün münbit şərait yaradılıb. Yüksək Texnologiyalar Parkı AMEA üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir. Ölkə rəhbərinin elmə, ümumən AMEA-ya olan diqqət və qayğısı hər zaman bu qurumun əməkdaşları, çoxminlik elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Akademiya rəhbərliyi və əməkdaşları ölkə rəhbərinin etimadını, dövlət qarşısında öhdəliklərini doğrultmağa çalışır. Qeyd edilməlidir ki, Azərbaycanın ictimai-siyasi həyatında böyük idarəçilik təcrübəsi olan görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyev AMEA-ya prezident seçildikdən sonra akademiya yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, akademik Ramiz Mehdiyev AMEA-nın öz fəaliyyətini dövlətçiliyimizin daha da güclənməsinə, ölkəmizin uğurlu inkişafına yeni töhfələr verməsinə, Prezident İlham Əliyevin siyasi kursunun əməli işlə dəstəklənməsinə istiqamətlənməli olmasını vurğulayıb. Son bir neçə ayda AMEA-nın fəaliyyətinin dövrün tələblərinə cavab verməsi, fəaliyyət imkanlarının daha da genişləndirilməsi istiqamətində davamlı olaraq ciddi kadr-struktur islahatları həyata keçirilir. Eyni zamanda, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” tərtib olunub. Bu proqram prioritetlərin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin nailiyyətlərinin təkmilləşdirilməsi və digər bu kimi önəmli məsələləri əhatə edir. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi, azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanmasında elmin dəstəyinin təmin edilməsi də proqramda yer alan mühüm müddəalardır. Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə həyata keçirilən çox vacib işlərdən biri də AMEA-nın Nizamnaməsində dəyişikliklər edilməsidir.

Qısa müddətdə AMEA-da həyata keçirilən uğurlu layihələr sırasında müasir dövr üçün əhəmiyyətli olan, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanan “Elmi kadrlar” Milli İnformasiya Sistemini qeyd etmək olar. Bu sistem vasitəsilə akademiyada elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillər aparılması, elektron hesabat formalarının hazırlanması, elmi informasiyanın əlçatanlığının təmin edilməsi və s. məsələlər daha çevik və optimal surətdə həyata keçiriləcək.

AMEA-nın qarşısında qoyulan ümdə vəzifələrdən biri də mötəbər beynəlxalq elmi qurumlarla əlaqələrin qurulmasıdır. Bu isə öz növbəsində akademiyanın beynəlxalq arenada mövqelərinin güclənməsinə, dünya elminə inteqrasiyanın daha effektli və sürətli keçidinə səbəb olacaq.

Diqqətə çatdırılıb ki, bu gün AMEA öz fəaliyyətində Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını, dövlət proqramlarını, akademik Ramiz Mehdiyevin təşəbbüslərini əsas tutur. Bunun nəticəsidir ki, AMEA ölkəmizin ümumi inkişafına, dövlətçilik siyasətinə töhfələr verir. Belə ki, AMEA alimləri tərəfindən yerli xammal əsasında kimyəvi tərkibi olmayan gübrə istehsalı, daha keyfiyyətli və səmərəli işıq lampaları, dronların elektron sxemi qurulur, Naftalan yağı alınır, nəqliyyatda istifadə olunan ekoloji təmiz məhsullar əldə edilir. Ölkənin bank-maliyyə bazarının tənzimlənməsi ilə bağlı bank sektoru nümayəndələri ilə birgə layihələr həyata keçirilir. Əhalinin sosial müdafiəsinin daha səmərəli təşkili üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər icra olunur. Son dövrdə fundamental tədqiqatlar iqtisadiyyat sahəsində uğurla tətbiq olunur. Bütün bu uğurlara baxmayaraq, yüksək inkişaf və yeniləşmə dövrünü yaşayan respublikanın ümumi işinə töhfə vermək, ölkə rəhbərinin etimadını doğrultmaq üçün akademiyanın qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələr, eyni zamanda, dünya elminin inkişaf meyillərindən, eləcə də ölkənin strateji inkişaf istiqamətlərindən irəli gəlir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, hazırda qarşımızda duran ən vacib vəzifələrdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu vəzifənin həllində isə bütün dövlət və özəl sektorun, müvafiq qurumların öz payı var. Bu baxımdan, qeyri-neft sektorunun inkişaf etdirilməsi elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsini labüd edir. Təsadüfi deyil ki, akademik Ramiz Mehdiyevin AMEA qarşısında qoyduğu tələb və vəzifələrdən ən başlıcası elmi kəşflərin iqtisadiyyatda tətbiqinə nail olmaqdır. Bu məqsədlə akademik Ramiz Mehdiyevin təşəbbüsü və iştirakı ilə AMEA əməkdaşlarının müxtəlif nazirliklərin rəhbərləri ilə görüşləri təşkil edilir, əməkdaşlıq perspektivləri müzakirə olunur, mövcud problemlər yerindəcə həllini tapır. Akademiyanın idarə edilməsində bu cür yanaşma nəinki AMEA, bütövlükdə Azərbaycan elmi üçün bir yenilikdir. Bu yeni metodun uğurlu tətbiqi isə bir sıra müsbət nəticələr vəd edir. Belə ki, akademiyanın müvafiq elmi strukturlarının fundamental tədqiqatlarının özəl və ya dövlət qurumlarının iqtisadi layihələrində tətbiqi elmi inkişafın nəzəri aspektdən praktik səviyyəyə keçməsinə şərait yaradacaq. Kommersiya layihələrindən əldə olunan gəlir AMEA-nın maddi-texniki bazasının daha da güclənməsinə, əməkdaşların maddi təminatlarının daha da yaxşılaşmasına səbəb olacaq. Bu isə öz növbəsində stimullaşdırıcı amil hesab olunur. Elmə olan dövlət qayğısı, ölkə rəhbərliyinin tələb və gözləntiləri elmi ictimaiyyətimiz qarşısında yeni üfüqlər açdığı kimi, həm də yeni məsuliyyət yaradır. Alim adını şərəflə daşımaq isə bir başqa fəxarətdir. Əminik ki, irəliləyən və inkişaf edən AMEA-nın elmi ictimaiyyəti ölkənin inkişafı naminə vətəndaşlıq və vəzifə borclarının öhdəsindən əzmkarlıqla gələcək və alim adının məsuliyyətini qürurla doğruldacaq.

http://www.science.gov.az/news/open/12543