Rusiya Elmlər Akademiyası onlayn rejimə keçir Mart 28, 2020 | 11:03 / MÜHÜM HADİSƏLƏR

Rusiya Elmlər Akademiyasının (REA) Rəyasət Heyəti 14-15 aprel 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağın bir gün ərzində və videoəlaqədən istifadə etməklə təşkili barədə qərar qəbul edib.

poisknews.ru saytı yazır ki, qərarda sənədlərin layihələrinin, həmçinin REA Rəyasət Heyətinin 2019-cu ili əhatə edən fəaliyyəti haqqında hesabatın öncədən öz qeydlərini və təkliflərini təqdim etmələri üçün Ümumi yığıncağın üzvlərinə göndərilməsi əks olunub. Düzəliş edilmiş sənədlər 14 aprel tarixində yalnız akademiyanın vitse-prezidentləri və bölmə rəhbərlərinin iştirak edəcəyi REA Rəyasət Heyətinin iclasında elan ediləcək. Akademiyanın üzvləri və arzu edən şəxslər canlı yayım translyasiyası ilə çıxışları dinləyə və onlayn olaraq müzakirələrə qoşula biləcəklər. Bir neçə gün ərzində qoyulmuş məsələlər üzrə elektron səsvermə keçiriləcək.

REA-nın prezidenti, akademik Aleksandr Sergeyev bildirib ki, akademiya gələcəkdə də ayrı-ayrı məsələlərin həlli üçün bu formatı tətbiq edəcək.

Ümumi yığıncağın ikinci gününün tədbirlərinin (akademik mükafatların verilməsi və laureatların çıxışı) keçirilməsi payız sessiyasınadək təxirə salınıb.