Qorxu feromonları Apr 09, 2020 | 12:04 / MÜHÜM HADİSƏLƏR

Aydındır ki, ensiklopedik zəka sahibi olan bəzi fenomenal təfəkkür sahibi arxadaşların: “Teymur Kərimlinin anatomiya və fiziologiya barədə fikirləri bədii cəhətdən zəifdir!” – deyə kəskin tənqid atəşini üzərimizə yönəldəcəyi riskini göz önünə alırıq. Ancaq müdrik babalarımızın belə bir deyimi ilə özümüzə toxdaqlıq veririk ki: “Qorxan gözə çöp düşər!”

Baza təhsilimiz biologiya və fiziologiya olmasa da, uzun müddət bioloqlarla, fizioloqlarla, eləcə də yaxın sahələrin nümayəndələri ilə təmasda olduğumuz üçün bəzi məlum fikirləri populist səviyyədə təkrar etməyi və bunlardan nəticə çıxartmağı artıq bilmədim.

Həəə, belə bir fikir bəlkə məlumdur, bəlkə də artıq təkzib olunub ki, insan orqanizmi bir bioloji varlıq kimi müxtəlif affekt hallarında müxtəlif kimyəvi maddələr ifraz edir ki, buna da elmi dildə “feromonlar” deyirlər (bəlkə də artıq demirlər; zira bir-birini təkzib edən elmi nəzəriyyələr bir-birini əvəz edən bitki örtüyü kimi çox sürətlə dəyişilir. Xalq şairi Səməd Vurğunun sözləri ilə desək: “Dünən dövran sürən bu gün can verir...”)

Elə bu feromonların dilini bilməklə də insanın sevindiyini, sevdiyini, qəzəbləndiyini... qorxduğunu ayırd etmək mümkündür. Bunu bir növ radio dalğaları ilə müqayisə etmək olar; yəni dalğa var, ancaq qəbuledici olmasa, o dalğanın varlığı ilə yoxluğunu müəyyən etmək mümkün deyil. Eləcə də feromonları duyan, onların özəlliklərindən və xronometrik parametrlərindən başı çıxan olmasa, onların da varlığı ilə yoxluğu arasında heç bir fərq olmamış kimidir.

İnsanın emosional aləminin zəngin qamması ilə işimiz yox! Yalnız qorxu feromonları haqqında bir qədər “vızıldamaq” istərdik.

Beləliklə, insan qorxanda bir növ kimyəvi maddə ifraz edir ki, buna da qorxu feromonları deyirlər. Yazılana görə, bu feromonları hər bir nəverim canlı deyil, yalnız müəyyən qrup heyvanlar duya bilir ki, bunlar da əsasən ev heyvanlarından itlər, vəhşi heyvanlardan isə çaqqal, qurd, pələng, aslan və bu qəbildən olan başqa yırtıcılardır.

Həyat təcrübəmizə əsaslansaq, deyə bilərik ki, uşaqlıqdan itlərlə münasibətdə bunun şahidi olmuşuq. Hamı bilir ki, qorxaq uşaqlara qarşı küçə itləri daha aqressiv olur. Bəs it hardan bilir ki, hansı uşaq qorxaqdır? Deyəcəksiniz ki, iti görəndə qaçan uşağın dalınca düşür it. Düzdür, ancaq hər qaçan uşağın da dalınca tutmaq üçün qaçmır it; bəzən bununla həmin uşağa sevgisini ifadə edərək onunla oynamaq istədiyini bildirmiş olur.

Sadəcə olaraq, itdən qorxub qaçan uşaq qorxu feromonu ifraz edir ki, iybilmə qabiliyyəti insandan təxminən 100 dəfə artıq olan it bunu göydə tutur və doğrudan da “qorxunc” olduğunu təsdiq etmək üçün uşağın üstünə hücum edir və fürsət düşsə, hətta köpək dişlərini də işə salmaq şansını əldən vermir..

Başqa yırtıclar da qorxu feromonlarını duyan zaman eyni ssenari üzrə hərəkət edir. Bu yaxınlarda olmuş bir əhvalat oxudum. Keçən yüzilliyin 70-ci illərində Cənubi Amerika səmasında bir təyyarə qəzaya uğrayır. 12 yaşlarında bir qız uşağı təsadüf nəticəsində sağ qalaraq cəngəllikdən çıxmağa yol axtarır. Bir neçə gün vəhşi yırtıcı heyvanlarla dolu olan cəngəllikdə yol gələn qıza heç bir heyvan toxunmur. Alimlər bunun səbəbini körpə yaşlarından zooloq valideyni ilə cəngəllik həyatına alışmış qızın vəhşi heyvanlar qarşısında instinktiv qorxu hissinin olmamasında və uyğun olaraq qorxu feromonları ifraz etməməsində görürlər...

Sözü niyə buna gətirdim? Məncə, qorxu feromontlarını təkcə yırtıcı heyvanlar deyil, bir sıra başqa canlılar da duymaq qabiliyyətinə malikdirlər. Məsələn, bir çox xəstəlik törədicisi mikroblar, bakteriyalar, hətta “cansız” hesab edilən təbii və süni yolla yaradılmış viruslar da.

Burada yenə də sözü Əlahəzrət İnternetdən mənə məlum olan başqa bir fenomenin üzərinə gətirmək istərdim: Ovçu və Ov fenomeni. Onu demək artıqdır ki, ovçu və ov qarşılıqlı münasibətlərində birdəfəlik konkretləşdirilmiş bölgü yoxdur və situasiyadan asılı olaraq, onlar yerlərini dəyişə bilərlər. Böyük Türk imperatoru Sultan Səlim Yavuz demişkən: 

Şirlər pənceyi-qəhrimdə olurkən lərzan,

Məni bir gözləri ahuya zəbun etdi fələk... 

Buradakı obrazlara fikir verək: şir – klassik ovçudur, ahu – klassik ovdur. Sultan – superovçudur, ancaq klassik ovçu olan şir onun ovudur. Ahu – şirin ovu, superovçu Sultanın isə ovçusudur... Bax, beləcə, Şrödinger paradoksu alınır...

Yaxşı, fikir verməyin, bunu bir haşiyə sayaq.

Sözümüz ondadır ki, insan orqanizminin başlıca yaşam qarantı, xarici aləmin mənfi, zərərverici təsirlərinə qarşı etibarlı müdafiə qabiliyyəti  olan immunitet, onun həyat obrazından, nə yeyib-içməsindən, genetik göstəricilərindən daha çox, qorxu duyğusunun olub-olmamasından, başqa sözlə, qorxu feromonları ifraz edib-etməməsindən asılıdır.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında “Bir-biri ilə çəkişən iki həkimin dastanı” adlı hekayətdə adicə qızılgülü iyləyən həkim qorxusundan ölür...

Böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi “Qanlı sənələr” əsərində şahidlərin dili ilə yazır ki, erməni-müsəlman davası zamanı Azərbaycan şəhəri Şuşada üzbəüz səngərlərdə gizlənmiş türklərlə ermənilər atışan vaxt ermənilərdən çoxu güllə dəyməmiş qorxudan ürəyi partlayıb ölürmüş...

Demək, əslində orqanizmi qorumalı olan qorxu duyğusu ifrata varanda onun qatilinə çevrilə bilir. Başqa bir yandan, məhz qorxu feromonlarını ifraz edən insan orqanizmi ovçunun – istər yırtıcı olsun, istərsə də mikrob və ya virus – qurbanına çevrilir.

Yüzillərdən bəri ifrat qorxu duyğusuna qarşı babalarımız əsasən 3 sınanmış vasitədən istifadə ediblər:

1. Qorxu duası və cinçıxarma;

2. Sözlə təlqin və tərbiyə;

3. Narkotik vasitələr.

Aydındır ki, birinci vasitə nə qədər sınaqdan keçmiş olsa və haqqında miflər yaradılsa belə, indiki təbabətdə işlənən “plasebo”dan başqa bir şey deyildir. Onu da deyim ki, plasebonun möcüzəli təsiri barəsində də müasir tibbdə kifayət qədər miflər dolaşmaqdadır. Üçüncü vasitəyə gəldikdə, bunun könüllü dəlilik olduğunu qeyd etmək lazımdır. Dəlilər məhz qorxu obyektinin təhlükəsini anlamadıqları üçün qorxmurlar və bu onlara əksər hallarda baha başa gəlir.

Hər necə olmuş olsa da, burada məhz ikinci vasitənin daha təsirli potensial imkanlara malik olduğu göz qabağındadır. Məhz buna görə insan orqanizminin immunitetini, yəni görünən və görünməyən təhlükəyə qarşı müqavimətini artırmaq üçün insanın körpəlikdən qorxmaz, cəsur, mətin və ən başlıcası – ağıllı və məntiqli tərbiyəsinin müstəsna əhəmiyyəti vardır ki, bu da yalnız yüzillərin müsbət təcrübəsi əsasında formalaşmış sözlə tərbiyə vasitəsilə mümkündür.

Nə yazıq ki, yüzillər boyu bizim cahil analarımız körpələri cin, şeytan, xortdan və damdabaca nağılları ilə mövhumi qüvvələr qarşısında qorxu və gücsüzlük ruhunda tərbiyə etmişlər; daha dəqiq desək, tərbiyə etməmişlər...

Buna görə də, güman edirəm ki, bu gün və gələcəkdə də humanitar elmlərin qarşısında çox nəhəng, qlobal əhəmiyyətli bir missiya durmaqdadır: inandırıcı məntiqi dəlillər əsasında bəşəriyyəti panik qorxudan çəkindirmək, eyni zamanda, qarşıda duran təhlükəni layiqincə qiymətləndirərək soyuqqanlı müdafiə tədbirləri görmək ruhunda tərbiyə etmək.

Deyəcəksiniz ki, bəs minillər boyu dünya folkloru və klassik ədəbiyyatı elə bununla məşğul olmayıbmı? Olub! Olub! Nə yazıq ki, onlar çox deyiblər, biz az eşitmişik. Hətta dünya didaktik ədəbiyyatının ən böyük nümayəndələrindən biri sayılan, dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının humanist-əxlaqi ənənələrinin parlaq davamçılarından biri olan dahi İran şairi Sədi Şirazi nəsihətamiz sözü eşitməyənlərə, eşidib əməl etməyənlərə öz qəzəbli-təhqiramiz münasibətini belə ifadə etməkdən özünü saxlaya bilməyərək hayqırıb:

Pərtove nikan nəgirəd an ke bonyadəş bədəst

Tərbiyət naəhlra çon gerdekan bər qonbədəst!

(Yaxşılardan yaxşılıq almaz ki zatı pis olan,

Əsli yox almaz öyüd, günbəzdə durmaz girdəkan!)

Tərcümə: Teymur Kərimli

Beləcə, klassiklər gördülər ki, insanın yaddaşı həddən artıq qısadır, ciddi, nəsihətamiz sözü bu qulağından alıb o biri qulağından boşluğa ötürür; düşündülər ki, sözü necə deyək ki, insanın yadında qalsın, onu insan olduğunu unutmamağa vadar etsin... 

Məsələn, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlu çıxış yolu kimi susmağı məsləhət görürdü. Məşhur şeirində elə belə də yazırdı: “İndi nə dua, nə qarğış, nə nəzir demək vaxtıdı. Dünya susmalıdır artıq; Allaha kömək vaxtıdı!”

Müxtəlif yazılarda kütləvi şəkildə sitat gətirilən bu şeirdə “Allaha kömək” susmaqla bağlanır. Görəsən nəyə görə? Bəlkə Cənabi-Həqq öz yaratdığı bəndələrin yerdə arı pətəyi kimi vızıldaşmasından bezib, özünə yaxın bildiyi, ərki çatdığı şairdən xahiş eləyib ki, bu köpəyuşağına deynən bir az sakit olsunlar görək başımıza nə iş gəlir? Hər halda belə olmaz və belə olmasın gərək! Tanrımız dili bizə susmaq üçün verməyib axı!

Nizami necə deyirdi: “Bismillah-irrəhman-irrəhim! Xəznəsinə bir açar etmiş həkim!” “Həkim” deyəndə Tanrını nəzərdə tutur Nizami və Tanrının xəzinələrininin qapısını yalnız söz aça bilər, sözü isə insandan başqa heç bir canlı dilə gətirməyə qadir deyildir. Ona görə insan Tanrıya kömək etmək istəyirsə, dilsiz-ağızsız heyvan kimi susmamalıdır.

Əksinə, biz Tanrının bizə möcüzəli bir pay kimi bəxş etdiyi sözün köməyi ilə ona kömək edə, şərin toxumunu yer üzərindən kəsə bilərik. Əgər istəsək! Əgər hamımız istəsək...

İş də ondadır ki, istəmirik; yəni üzdə hamımız istəyirik, ancaq iş ürəkdən istəməyə gələndə məlum olur ki, şərin kökünün kəsilməsi bir çoxlarına sərf eləmir; zira çörəkləri bundan çıxır.

Təsəvvür eləyin ki, yer üzərində bütün xəstəliklərin kökünün kəsilməsi üçün dahi bir həkim universal panaseya tapıb və sevinə-sevinə həmkarlarının yanına qaçıb, bu tayı-bərabəri olmayan kəşfini xəbər verməyə tələsir... Xəbəri eşidən həkimlər sevinmək, atılıb-düşmək, çalıb-oynamaq, dahi həmkarlarını qolları üstündə atıb-tutmaq əvəzinə qəzəblə başlarını yelləyərək nifrətlə bu dahi sadəlövhün üzünə baxırlar. Təbii ki, kəşfin sahibi heyrətlə soruşur:

“Əyyühənnas! Bu nə turşru və xəmi-əbrudur?” (Füzuli, “Şikayətnamə”)

Cavab: “Sənə əjdaha lazımdır?” (“Bəyin oğurlanması” filmi)

Dahi həkim nə qədər küt olsa da, eyhamı başa düşür və həmkarlarından üzr istəyib öz kəşfini qəzəblə təpiyinin altına salaraq məhv edir...

Beləcə, bizim də bir çoxumuza “əjdaha lazım” deyil və onu da yaxşı anlayırıq ki, yer üzərində şərin toxumunu kəssək, dəngə pozular, xeyir tərəf ağır gələr və... cəmiyyət yıxılar...

Necə ki, rəhmətlik Molla Nəsrəddindən bir dəfə soruşurlar: “Ay Molla, niyə adamlar səhər evlərindən çıxıb hərəsi bir yana gedir?” Molla cavab verir: “Ona görə ki, hamı bir tərəfə getsə, yer əyilər...”

Ona görə sizi bilmirəm, ancaq mən dəqiq bilirəm ki, ömürbillah yer üzərindən şərin toxumu kəsilməyəcək və olsa-olsa, biz öz gücümüzlə, balansı 1 faiz öz xeyrimizə (yəni özümün də daxil olduğum xeyir qüvvələrin xeyrinə dana...) dəyişə bilsək, elə bilin ki, çox yekə bir qələbə çalmışıq.

Həəə, “çalmışıq” dedim, yenə də rəhmətlik Molla Nəsrəddinin “Sən çaldın!” məsəli yadıma düşdü...

Nəysə...

Gör hardan hara getdim eee...

Qorxu feromonlarından danışırdım axı! Yəni necə eləyə bilərik ki, insan qorxmasın və bu feromonlar orqanizmdən ifraz olunmasın və bu feromonların iyini ləzzətlə ciyərlərinə çəkən yırtıcılar və parazitlər bizi qorxaq görüb üstümüzə şeşələnməsinlər. O bir bayatımız var eee, yadıma düşməsə deyin: 

Əzizinəm, durdu qəm,

Nətəər nətəər... burdu qəm.

Məni arxasız gördü,

Üstümə qudurdu qəm... 

Təxminən belə dana!

İndi dediyim odu ku, insan orqanizminin immunitetini sözlə qaldırmaq olar, özü də zəhlətökən, darıxdırıcı, ya da ağladan sözlə yox... bəli, bəli! Məhz güldürən sözlə, yumorla, satirayla qaldırmaq olar zənnindəyəm.

Mən deyirəm ki, insan gülürsə, deməli, qorxmur və qorxu feromonu da ifraz eləmir. Qorxu feromonu da ifraz eləməyən insanın immuniteti güclü olur və heç bir xəstəlik ona yaxın dura bilmir; daha dəqiq desək, xəstəlik törədicilərinin özü belə bir obyektin varlığından xəbərsiz olur.

Demək, biz qorxduqca xəstəliklərimizi duyuq salırıq, necə deyərlər, oğrunun yadına daş salırıq.

Gəlin yatmış iti oyatmayaq! Gülək və güldürək!

O zaman biz güclü olacağıq!

Biz gülərkən güclüyük!

Biz birlikdə güclüyük!

Teymur Kərimli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik

525-ci qəzet

science.gov.az