Operativ Qərargahın qəbul etdiyi qərarlar mövcud və gözlənilə bilən şəraiti nəzərə alır May 02, 2020 | 04:05 / MÜHÜM HADİSƏLƏR

İki aydan çoxdur ki, respublikamızda koronavirusla əlaqədar karantin rejimi tətbiq edilir. Əhalinin sağlamlığını qorumaq üçün ən real üsul kimi özünütəcrid və şəxsi gigiyena qaydalarına ciddi riayət olunması tövsiyə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərarlar verir. Yəni dövlət əlində olan bütün maddi, iqtisadi, inzibati qüvvələrin işə cəlb edilməsi ilə koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almağa çalışır. Azərbaycan dövləti pandemiyanın ölkə iqtisadiyyatına zərərli təsirlərinin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirir.

Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov söyləyib. O qeyd edib ki, qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı və əhali sayına görə nisbəti qonşu ölkələrlə müqayisədə xeyli yaxşıdır.

Əlbəttə ki, insanlardan gündəlik adət etdikləri həyat tərzini dəyişərək evdə qalmalarını tələb etmək, eləcə də onların buna riayət etmələri asan deyil. Lakin bu, günün tələbidir. Axı belə bir atalar sözü də var: “El ilə gələn qara gün toy-bayramdır”. Yəni biz də özümüzün, yaxınlarımızın, bütövlükdə xalqımızın sağlamlığı naminə bu çətinliyə dözməli, karantin qaydalarına riayət etməliyik. Mən koronavirusun təhlükəsi haqqında danışmaq istəmirəm. Çünki bu barədə KİV-də kifayət qədər iş aparılır. Hazırda Operativ Qərargah pandemiyanın başlanğıc dövrünə nisbətən bəzi yumşaldıcı tədbirlərin həyata keçirilməsi haqqında qərar qəbul edib. Lakin bu bizi arxayınlaşdırmamalıdır. Küçəyə çıxmaq haqqında icazə müddətinin 3 saata qədər artırılmasından sui istifadə etmək olmaz. Ümumiyyətlə, biz bu karantin rejiminə inzibati göstərişlərdənsə, şüurlu şəkildə riayət etsək daha yaxşı olar. Çünki bu qaydalar bizim və nəsillərimizin gələcəyi üçün vacibdir. Aparılan müşahidələr və KİV-in məlumatları göstərir ki, Bakının küçələrində həm insanların, həm də avtomobillərin sayı əvvəlki günlərə nisbətən artıb. Bu, pandemiyanın bütün ölkələrin, o cümlədən bizim dövlətin də ehtiyat etdiyi ikinci dalğasının yayılmasına zəmin yarada bilər. Nəticədə həm virusa yoluxanların, həm həyatını itirənlərin sayı daha da çoxalar, mübarizə tədbirləri isə çətinləşər. Təbii ki, belə olan halda daha sərt karantin tədbirləri tətbiq edilməlidir. Bizdən çox şey asılıdır. Operativ Qərargahın qəbul etdiyi qərarlar mövcud və gözlənilə bilən şəraiti nəzərə alır. Bu baxımdan onlara əməl etmək vacibdir.

“Pandemiya xeyli davam edə bilər və onun hansı səviyyədə keçməsi sosial təcriddən çox asılıdır. Pandemiyanın yeni dalğasına yol verməmək üçün qaydalar tədricən yumşaldılmalı, insanlar bu qaydalara daha dəqiq əməl etməli, daha həssas yaş qruplarına aid olanlar küçəyə çıxmamalı, kütləvi toplantılar olmamalıdır. Bunların həyata keçirilməsi üçün bir qədər də səbirli olmalı, özümüzü və ətrafımızı qorumalıyıq”,- deyə alim bildirib.

azertag.az