Onlayn seminarda torpaqların fiziki xassələri haqda məruzə dinlənilib May 06, 2020 | 03:05 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti onlayn iclası keçirilib. Pirqulu Coğrafi Tədqiqatlar Stasionarının müdiri, aqrar üzrə elmlər doktoru Çingiz Gülalıyev “Torpaqların  İstilik-elektrik, hidrofiziki xassələri  və onların praktiki əhəmiyyəti”  mövzusunda məruzə ilə çıxış edib.

Tədqiqatçı uzun müddət Azərbaycan ərazisində torpaqlarda gedən dəyişikliklərin monitorinqini aparmış, müxtəlif dövrlərdə torpaqda gedən fiziki prosesləri tədqiq etmiş,  çöl və laboratoriya şəraitində torpaqların istilik-elektirik xassələrinin təsiredici amillərdən asılılığının öyrənmiş  və bu sahədə uğurlu  nəticələr əldə etmişdir. Bu nəticələrin elektron kənd təsərrüfatında istifadəsi üsulları barəsində məlumat verən tədqiqatçı bildirib ki, müasir şəraitdə elektron kənd təsərrüfatı və dəqiq (koordinatlı)  əkinçilik sisteminə keçməklə  torpaqlarının məhsuldarlığına təsir edən amilləri  öyrənmək, əldə edilən nəticələri iqtisadiyyatın vacib sahəsi olan əkinçiliyə tətbiq etməklə gübrə normalarına və əlavə aqrotexniki tədbirlərə qənaət etmək olar. Elektrofiziki üsuldan istifadə edərək müasir GİS texnologiyaları vasitəsilə  ərazinin ekspres monitorinqini aparmaqla ərazinin rəqəmsal elektron  xəritəsini yaratmaq mümkündür.

Alim qeyd edib ki, torpaqlarln genezisinin müəyyənləşdirilməsi baxımından elektrik üsulundan istifadə etməklə hər bir torpağın elektrik kardioqramı yaradıla bilər ki, bu da torpaqşünaslıqda torpaq tiplərinin dəqiqləşdirilməsində ən yaxşı vasitədir.

O, torpaq səthinə düşən Günəş  enerjisinin paylanma mexanizminin dəiqiqləşdirilməsində və kənd təsərrüfatı bitkilərinin rayonlaşdırılmasında  torpaq temperatur rejimini formalaşdıran  torpağın istilik keçirmə, istilik tutumu, istilik mənimsəmə xassələrinin öyrənilməsininin vacibliyini diqqətə çatdırıb.

Ç.Gülalıyev bildirib ki, müasir dövrdə sadalanan torpaq xassələrinin müxtəlif təsiredici amillərdən asılılığının sistemli şəkildə öyrənilməsinə böyük ehtiyac vardır.