Coğrafiya İnstitutunun adından Nizami Əyyubova təbrik məktubu ünvanlanıb. İyn 18, 2020 | 04:06 / YUBİLEYLƏR

Əziz Nizami müəllim!

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmanızın 70, çoxillik elmi-pedaqoji fəaliyyətinizin 45 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə istədiyiniz qədər uzun ömür, can sağlığı və elmi-ictimai fəaliyyətinizdə uğurlar, nailiyyətlər diləyir. Siz həqiqətən bu deyilən  həyatı və mənəvi arzulara layiqsiniz!

Nizami müəllim!

Sizin pəhləvan cüssəli şəxsiyyətiniz, ağır oturub batman dəyərli keyfiyyətləriniz və müdrik davranışlarınız həqiqətən bütün kollektivimizi, dəyərli insanları həmişə maraqlandırmış və Sizə dərin hörmət qazandırmışdır. Əlbəttə, bunların hamısının əsl kökü Sizin əzəli-genetik nəslinizin, ailə mədəniyyətinin zaman-zaman formalaşıb nəsldən-nəslə keçməsilə bağlıdır.

Əziz Nizami müəllim!

Siz 1950-ci ildə təkrarsız Qazax diyarının ana Kürün ayna sularını seyr edən Şıxlı kəndində  doğulub boya-başa çatdıqdan sonra, 1974-cü ildən  ömrünüzü bilavasitə AMEA Coğrafiya İnstitutu ilə bağlamısınız. İndi də bu elmi-tədqiqat məkanımızda müasir coğrafi problemlərin müəyyənləşdirilməsində və onların həlli sahəsində doğrudan da dəyərli və mühüm elmi-metodiki yanaşmaların mütəxəssisi kimi tanınırsınız. Özünüzün bu milli-vətənpərvərlik missiyanızı və tədqiqatlarınızı gözəl nəticələrlə indi də davam etdirirsiniz.

Hələ 1983-cü ildə Azərbaycanda əhalinin məskunlaşmasının sosial-coğrafi problemlərin həllinə həsr olunmuş namizədlik dissertasiyanızda bu kimi yeni elmi fikirlərin və perspektivli  ideyaların əsasını qoymuşdunuz.

Sonrakı illərdə,  Sizin çoxillik coğrafi tədqiqatların nəticəsində Azərbaycanda əhalinin coğrafi məskunlaşması, sosial-iqtisadi dinamikasının təkmilləşməsi, Azərbaycanın konstruktiv coğrafiyası, fundamental monoqrafiyaların hazırlanmasında, elmi-təcrübi fəaliyyətiniz mühüm rol oynamışdır. Orta məktəblərdə gələcək gənc nəslimizin coğrafiya elminə marağın artmasında, doğma Azərbaycanımızın coğrafi məkan kimi yaxşı tanınmasında, onların vətənə məhəbbət, sevgi  və vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz rol oynamışdır. Bunlar özü Sizin coğrafiya elminin timsalında milli vətənpərvərlik və qeyrətçilik keyfiyyətlərinizi bir daha əks etdirir.

Əziz Nizami müəllim!

Sizin ömür coğrafiyanızın yaradıcılıq səlnaməsində 100-dən çox elmi əsərləriniz, çoxsaylı elmi-kütləvi yazılarınız, monoqrafiyalarınız və digər elmi yanaşmalarınız bilavasitə Azərbaycanın  müasir coğrafiya elminin tərəqqisinə və milliləşməsinə xidmət etmişdir. Bütün bu elmi-vətənpərvərlik keyfiyyətlərinə  görə Sizi bir daha ürəkdən təbrik edirik və Sizə yeni-yeni elmi nailiyyətlər  və sağlam, uzun ömür arzulayırıq!

  AMEA akademik H.Ə.Əliyev adına

Coğrafiya İnstitutunun direktoru, akademik                                         Ramiz  Məmmədov

  

Həmkarlar İttifaqının sədri, dosent                                                          Habil Haqverdiyev