Elxan Məmmədbəyovun 60 yaşı tamam olub İyn 18, 2020 | 04:06 / YUBİLEYLƏR

Akademik Ramiz Məmmədov Coğrafiya İnstitutu  Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent  Elxan Məmmədbəyovun 60 illik yubileyi münasibətilə İnstitut kollektivi  adından ona təbrik məktubu ünvanlayıb:

Hörmətli Elxan müəllim!

Azərbaycan MEA akad. H.Əliyev adına Coğrafiya institutunun kollektivi Sizi anadan olmanızın 60, elmi pedaqoji fəaliyyətinizin 40 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, can sağlığı və yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzulayır.

Elxan müəllim! Siz 1959-cu ildə Azərbaycanın bağlı-bağatlı gözəl Sabirabad rayonunun Yolçubəyli məkanında anadan olmusunuz. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin indiki (Bakı Dövlət Universiteti) Coğrafiya fakültəsinin “Coğrafiyaçı, coğrafiya müəllimi” ixtisası üzrə bu günkü ömür yolunuzun gələcəyini seçmisiniz. Həmin ildə AMEA akad.H.Əliyev adına Coğrafiya İnstitutuna təyinat alıb, “Toponimika” şöbəsində müasir coğrafiya elminin, elmi-nəzəri biliklərinizin təməlini qoymuşunuz. Artıq 1992-ci ildə “Kiçik Qafqazın cənub-şərq yamacı landşaftlarının antropogen dinamikası (aerokoemik materiallar əsasında)” mövzusunda namizədlik işini müvəffəqiyyətlə başa vurub, coğrafiya elmləri namizədi adına layiq görülmüsünüz. Yeri gəlmişkən, arzumuz odur ki, yaxın vaxtlarda bu mərhələnin ən uca zirvəsinə çatasınız. Hazırda kollektivimizdə müasir coğrafiya elminin aparıcı elmi işçisi vəzifəsində ən etibarlı dayaqlarından birisiniz. Eyni zamanda müasir landşaftşünaslıq elmini yeni fikir və ideyalarla zənginləşdirirsiniz. Hazırda Azərbaycanın müxtəlif regionlarında müasir landşaftların dinamikasında antropogen amillərin təsiri sahəsində Sizin çox mühüm elmi nailiyyətləriniz var. Xüsusilə, landşaftların ayrı-ayrı tarixi dövrlərdə dinamikasını müəyyənləşdirməkdə Azərbaycanın paleocoğrafi təkamülü məsələsinin öyrənilməsində yeni yollar açmısınız. Şübhəsiz, bunlar da Sizin hələ gənclik ömür salnamənizin yaradıcılıq nailiyyətlərinin gələcəyə inamını daha da artırır. 60-dan artıq elmi, elmi-kütləvi məqalənizin nəşr olunması bunu sübut edir. Azərbaycan coğrafiya elminin nailiyyətlərini Beynəlxalq elm aləmində təbliği diqqətəlayiqdir. Bakı Dövlət Universitetindəki Pedaqoji fəaliyyətinizi yüksək qiymətləndiririk. Bunlar Azərbaycanda gənc coğrafiyaçı mütəxəssislərin yetişməsində mühüm şərtlərdir.

Elxan müəllim! Bütün bunların hamısı Sizin indiki və gələcək elmi yaradıcılıq fəaliyyətinizin səhifələridir. Bir daha Sizi ürəkdən təbrik edirik, bu yolda uğurlar arzulayırıq.

 Hörmətlə,

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya

İnstitutunun direktoru, akademik                                          Məmmədov R.M.

 

Coğrafiya institutunun Həmkarlar

Təşkilatını sədri                                                                       Haqverdiyev H.T.