Coğrafiyaşünas alimin tədqiqatları "Ekoetika" verilişində işıqlandırılıb İyl 06, 2020 | 05:07 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Kür çayı ilə bağlı tədqiqatlar davam etdirilir.

Azərbaycan televiziyasında İnstitutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılovun  AzTV  çəkiliş qrupunun iştirakı ilə şirin su çatışmazlığı ilə bağlı Kür, Araz çaylarında apardığı araşdırmaların nəticələrinə həsr edilmiş “Ekoetika” verilişinin növbəti buraxılışı nümayiş etdirilib.

Dəfələrlə Kür çayının axdığı ərazilərdə tədqiqatlar aparmış coğrafiyaşünas alim son vaxtlar Kürdə, eləcə də Azərbaycanın bir çox çaylarında su səviyyəsinin qat-qat aşağı düşməsinin, bəzi yerlərdə isə vəziyyətin kritik hal almasının şahidi olub.  Çayları təbiətin qan damarları adlandıran alim onların ekosistemlər arasında dəhliz rolunu oynadığını, təbiəti zənginləşdirdiyini, insanların şirin suya olan  təlabatının əsas təminatçısı olduğunu, çaylardakı tıxanmanın insan həyatına ziyan vurduğunu və ona görə də çaylara ciddi münasibət bəslənilməsinin, onlara qayğı ilə yanaşılmasının vacibliyini  diqqətə çatdırıb: “Meşələrin qırılması, sudan israfçılıqla, qeyri-düzgün istifadə, Kür hövzəsindəki çayların qum-çınqıl karxanaları tərəfindən normadan artıq  istismarı və digər antropogen amillər  şirin su potensialı ilə istifadəçilər arasındakı ekoloji balansın pozulmasına səbəb olur.Vaxtı ilə insanların gur axan Kürlə Araz çaylarının qovuşuğuna tamaşa etmək üçün Sabirabada gəldiyini xatırladan mütəxəssis indi həmin yerdə quraqlıqdan cadarlanmış geniş ərazinin yer aldığını, Arazın suyunun beş dəfə azalmasını və Kürün getdikcə Arazın yatağına meylləndiyini təəssüflə qeyd edib.

Diqqətə çatdırılır ki, gələcəkdə bu kimi problemlərin yaranmaması üçün Kür, Araz çaylarının keçdiyi qonşu Gürcüstan və Ermənistanın da  “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə”  Helsinki Konvensiyasına qoşulmaları   müsbət rol oynaya bilər.