Hamımız bir məqsəd, bir amal uğrunda birləşməliyik İyl 24, 2020 | 06:07 / MÜHÜM HADİSƏLƏR

Bu günlərdə Tovuz rayonu istiqamətində təxribat törədən düşmən atəşkəs rejimini kobud surətdə pozaraq torpaqlarımıza soxulmaq istədi və layiqli cəzasını aldı. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun yüksək peşəkarlığı və qətiyyəti, əsgər və zabitlərimizin şücaəti sayəsində mənfur düşmənə sarsıdıcı zərbələr endirildi, onların bir neçə dayaq nöqtəsi, xeyli hərbi texnikası və silah-sursat anbarı, eləcə də onlarla canlı qüvvəsi məhv edildi. Ciddi itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur oldu.

Bəs görəsən, belə bir təxribatın Qarabağda deyil, ondan xeyli uzaqda – Tovuz rayonunda törədilməsində məqsəd nə idi?  Az-çox siyasətdən xəbəri olanlar məkrli və hiyləgər düşmənin nə məqsəd güddüyünü yaxşı anlayır və bu sualı birmənalı şəkildə belə cavablandırırlar: “Küçə demokratiyasından” Ermənistanın rəhbərliyinə gəlmiş Baş nazir Nikol Paşinyan bununla ölkə daxilindəki narazılıqları, o cümlədən, əhalinin illərlə həll olunmayan sosial vəziyyəti, ölkə iqtisadiyyatının defolt həddinə çatdırılması, tüğyan edən pandemiyaya qarşı mübarizənin zəif təşkili və s. bu kimi problemlərdən xalqı yayındırmaq; Azərbaycanı işğalçı kimi qələmə verərək regiona xarici dövlətlərin qoşunlarının yerləşdirilməsinə cəhd etmək və nəhayət, respublikamızın qərb bölgəsində Ermənistana ən yaxın məsafədən (təxminən 20-25 km) keçən ölkəmizin beynəlxalq əhəmiyyətli kommunikasiya xətlərini, o cümlədən neft və qaz kəmərlərini təhdid etmək, bununla da xalqımızı qorxu və xof altında saxlamaq məqsədi güdür. Amma əbəs yerə ermənilər belə xam xəyallara düşürlər. Hələ 2016-cı ilin Aprel döyüşlərində və son döyüşlərdə düşmənlər ordumuzun nəyə qadir olduğunu gördülər və Qarabağ, Vətən uğrundakı bu qeyrət savaşında Azərbaycan xalqının ordumuzun, Ali Baş Komandanın arxasında durduğunun şahidi oldular. Mənfur düşmənlərimiz artıq anlamalıdırlar ki, bu, həmişə də belə olacaqdır!

Tovuzda törətdikləri təxribatla ermənilər özlərini həm də dünya miqyasında biabır etdilər. Hətta, iş o yerə çatıb ki, həmişə erməni təəsübkeşliyi ilə seçilən, Rusiyanın RT kanalının, “Rossiya seqodnya” və "Sputnik" agentliklərinin rəhbəri, Kremlin xarici təbliğatının ruporlarından olan erməni əsilli Marqarita Simonyan bu günlərdə Ermənistanın ünvanına qəzəbli, aşağılayıcı paylaşım edərək sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirdi. Azərbaycanın mövqeyinə isə, başda qardaş Türkiyə olmaqla, dost ölkələr dəstək nümayiş etdirdilər və bir çox beynəlxalq təşkilatlar ədalətli bəyanatlarla çıxış etdilər.

Son qanlı döyüşlərdə bizim də itkilərimiz oldu, şəhidlər verdik, amma Vətən torpağının bir qarışını da itirmədik. Vətən sadəcə sərhəd dirəkləri ilə əhatələnmiş ərazi deyil, Vətən - içimizdə, qəlbimizdə var olan müqəddəs duyğudur, Vətən – şəhid qanı ilə suvarılmış torpaqdır! Haqq dünyasına qovuşmuş şəhidlərimizə Allah rəhmət eləsin və yaralı əsgərlərimizə şəfa versin! Onlardır bayrağımızı bayraq, torpağımızı Vətən edənlər! Böyük türk şairi Mehmet Akif Ərsoy necə də gözəl demişdir:

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, Vətəndir!

Bu ərəfədə məni qürurlandıran bir-birilə bağlı iki məqama diqqət yönəltmək istəyirəm. Birincisi, Tovuz camaatına, konkret olaraq, rayonun Ağdam kənd sakinlərinə afərin, eşq olsun sizlərə! - deyirəm, qorxmadınız, doğma yurdunuzu tərk etmədiniz, ordumuza arxa-kömək oldunuz, iş-gücünüzdən ayrılmadınız. İkincisi, iyulun 14-ü gecə saatlarında minlərlə vətən övladının Şəhidlər Xiyabanına yürüş etməsi. Gecənin qaranlığında bu qədər insanı bura gətirən nə idi? Baxın, hər iki halda Vətənə sevginin, torpaq qeyrətinin uca tutulmasının bariz nümunəsini gördük. Heç kimin çağırışı ilə deyil, yalnız öz qəlbindəki Vətən məhəbbətinin səsiylə hayqıraraq düşmən təxribatına yox demək, Silahlı Qüvvələrimizə, Prezidentimizə dəstək olmaq, dünyanın super güclərinin ədalətsiz qərarlarına etiraz etmək üçün oraya toplaşmışdılar. Düzdür, məsələnin mahiyyətini anlamayan və ya kiminsə təhrikilə az sayda yolunu azanlar da vardı onların arasında, amma böyük əksəriyyəti dahi Xalq şairimiz S.Vurğunun təbirincə desək, bir “müsəlləh əsgər” kimi Vətəni müdafiə etmək üçün öz evlərindən çıxaraq bu məkana gəlmişdilər. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi məlumatına görə, artıq 3-4 gün ərzində 55 mindən çox gənc orduya könüllü getmək istəyini bildirmiş və qeydiyyatdan keçmişdir. Budur Vətən sevgisi, torpaq təəsübkeşliyi!

Torpaqlarımızı işğalçılardan təmizləmək üçün bu gün Vətənin bizim birliyimizə daha çox ehtiyacı var. Belə məqamlarda daxili narazılıq, umu-küsü bir kənara qoyulmalı, kimliyindən, tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq, hamımız bir məqsəd, bir amal uğrunda ölkəmizin Prezidenti və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik, Silahlı Qüvvələrimizə dəstək olmalıyıq.    

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları da minlərlə vətəndaşımız kimi, hörmətli Prezidentimizin çağırışına qoşularaq, Vətənimizin müdafiəsinə və Ordumuza hər çür dəstək verməyə hazır olduqlarını, eyni zamanda, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliklərini bildirirlər.

Rəşid Fətəliyev, 
AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun
aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent